Dövlət Sərhəd Xidməti general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb.
“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir:
“Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov avqustun 16-sı, ömrünün 90-cı ilində vəfat edib.
Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.
Abbasəli Novruzov Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
General-mayor Abbasəli Novruzovun dəfn mərasimi 17 Avqust 2026-cı il tarixində, saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcəkdir”.
Son xəbərlər
Son Xəbərlər