Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi - Fotolar

abituriyentlere-pesekar-meslehet-ve-informasiya-desteyi
Oxunma sayı: 304

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Müsabiqədə iştirak etmək istəyənlər abituriyent və subbakalavrlar peşəkar məsləhət və informasiya dəstəyi üçün “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. 

“Qafqazinfo” xəbər verir ki, məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, o cümlədən Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılaşmaya əsasən 2018-ci ildə yaradılıb.

Mərkəzin əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlara qəbul və ixtisas seçimi prosesində peşəkar məsləhət və informasiya dəstəyi göstərməkdir. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları hər gün onlarla abituriyentə tələbə qəbulu qaydaları, ərizə qəbulu, elektron ərizənin doldurulması və təsdiqi, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verir. Eyni zamanda elektron ərizənin doldurulması zamanı qarşıya çıxan texniki problemlərin həllinə və prosesin düzgün tamamlanmasına texniki dəstək göstərirlər.

Gələcəyini peşəkarlarla birlikdə planlaşdırmaq istəyən abituriyentlər və subbakalavrlar texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında fəaliyyət göstərən mərkəzə müraciət edə bilərlər.

Mərkəz fəaliyyət göstərdiyi illər ərzində vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi və müraciətlərin operativ həlli sahəsində qazandığı müsbət təcrübə və səmərəli fəaliyyəti ilə özünü təsdiqləyib. Mərkəzin fəaliyyətinə olan maraq əvvəlki illərin nəticələrində də özünü göstərib. Belə ki, 2024-cü ildə mərkəzdə hər gün 100-ə yaxın abituriyent və subbakalavra xidmət göstərilib. 2025- ci ildə isə ixtisas seçimi günlərində isə Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzinə 700-dən çox abituriyent və subbakalavr müraciət edib