“Abortlar təcrübəli həkimlər tərəfindən icra edilməlidir” - Cərrah mama-ginekoloq Raul Əzimov

abortlar-tecrubeli-hekimler-terefinden-icra-edilmelidir
Oxunma sayı: 2030

“Leyla Medical Center”in cərrah mama-ginekoloqu uzman doktor Raul Əzimov “Qafqazinfo”nun suallarını cavablandırıb:

- Azərbaycanda ginekoloqa ən çox hansı problemlərlə bağlı müraciət olunur?

- Bildiyimiz kimi, 2022-ci ilin əvvəlinə olan statistikaya görə, ölkə əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edib. Bu da təxminən 5 milyona yaxın qadın deməkdir. Qadınlar çoxluq olaraq Bakı şəhərində məskunlaşdığına görə ilk öncə bu sualın cavabını Bakı şəhəri üzərindən cavablayacam. Şikayətləri  sıralasaq daha çox qarşılaşdıgımız  vaginal axıntılar, aybaşı dönəmində ağrılar, menopauza-klimaks dönəmində halsızlıq, istilik basmaları kimi qeyd edə bilərəm. Hər bir qadının ən az ildə bir dəfə müayinə olması lazımdır ki, bəzi xəstəlikləri zamanında aşkarlayıb müalicə edə bilək. Bölgələrimizdə isə əsas problem uşaqlıq sallanması, sidikqaçırma ilə bağlıdır. Bu həm hamiləlik, həm də doğuşlarla bağlı olaraq yaranan bir problemdir. Qadınlar uzun müddət bu problemdən əziyyət çəkirlər. Ağrısalar da utandıqlarından həkimə gəlmirlər.

Digər çox rast gəlinən problem isə daha çox menstrual disfunksiyalarda özünü biruzə verir. Qadınlarda menstruasiya zamanı qanama müddətinin uzun olması, menstruasiya tsiklinin qeyri-müntəzəm olması əksər pasiyentlərdə rast gəlinir.

- Ölkədə, xüsusən bölgələrdə erkən yaşda nigah hallarına çox rast gəlinir. Bu qadınlar üçün hansı təhlükələrə səbəb ola bilər?
 
- Erkən nigahlar bütün bölgələrimizdə vardır. Bölgələrimizdə tək erkən nigahlar deyil, qohum evlilikləri də çoxdur. Maarifləndirmə və xəstəliklərin artımı müşahidə olunsa da, qohum nigahlarına yenə də rast gəlinir. Erken  nigahlar bütün dövrdə olub. Sadəcə, indi bu məsələ qanunvericiliklə tənzimləndiyindən nisbətən azalıb. Ümumiyyətlə, qadın orqanizmində 16-17 yaşında hələ formalaşma gedir. Yumurtalıqlar və onun ifraz etdiyi hormanlar olğunlaşma dönəmində olur, yəni tamamlanma həmin yaş dövründə hələ davam edir. Evlilik üçün qızın boyunun uzun və ya dolu bədənli olması əsas deyil. Önəmli olan onun beyninin inkişaf etməsidir. Yəni bütün inkişaf əlaqəli olmalıdır. Erkən yaşda ailə quran xanımın uşaq sahibi olmağı, gələcəkdə övladına tərbiyə verməsi məsələsi var. Bütün hallarda erkən nigahlara yol verilməməlidir. Erkən yaşda bir qadının  hamilə qalması həm özünün, həm də körpəsinin  həyatı üçün təhlükəlidir. Erkən doğum riski, prematüre yenidoğulmuş riski, doğuş zamanı qanaxmaların olması, kilosu az uşaq doğulma riski, beyni tam inkişaf etməmiş yeni doğulmuş riski, ana bətnində inkişafdan qalma hamiləlik riski kimi təhlükələr ola bilər.

- Statistikaya görə, son illər marifləndirmə tədbirlərinin görülməsinə baxmayaraq selektiv abortlar çoxalıb. Abortların orqanizm üçün fəsadları nələrdir?

- Respublikamızda və qardaş Türkiyədə 10 həftəyə qədər ailə istəyinə görə abortların edilməsi qanunidir. Ancaq böyük həftə hamiləliyin sonlandırılması cinayətdir. Bəzən tibbi göstərişlərə əsasən hamiləlik sonlana bilər. Amma, tibbi səbəblər olmadan da bəzi qadınlar abort etdirmək istəyir. Ailələrin abort etdirmə səbəbləri müxtəlifdir. Səbəblərdən biri  hazırda ailədə çox uşaq böyütmək sosial və iqtisadi cəhətdən ağır olduğu üçün ailələr bəzən plansız olan hamiləliyi sonlandırmaq istəyirlər. 

Abort çox sadə səslənsə də əslində böyük risklər daşıyır, təcrübəli həkimlər tərəfindən icra edilməlidir. Çünkü şiddətli qanaxmalar ola bilər ki, bu da gənc yaşda qadının uşaqlığının alınması ilə nəticələnə bilər. Abort sonrası uşaqlıq içərisində bitişikliklər ola bilər ki bu da qadının aybaşısının azalmasına  həttda aybaşı olmamasına, bir daha hamilə qala bilməməsinə səbəb ola bilər. Hamilə qalmaq istəməyən xanımlarımız həkimə müraciət edərək qoruyucu vasitələrdən düzgün şəkildə istifadə edə bilərlər. Ən çox müraciət edilən qoruyucu vasitələr spiral və dərmanlardır. Təbii ki, hər pasiyentə bunlar məsləhət görülmür. Bunun üçün həkim müayinəsi lazımdır.

- İndi hamilə qadınlar qeysəriyyə əməliyyatı ilə doğuşlara daha çox üstünlük verirlər , bu normaldırmı? Sonradan ana və uşaq üçün hansı fəsadı ola bilər?

- Hər zaman söylədiyim bir cümlə var: hər şeyin normalı, təbiisi gözəldir. Yəni normal doğum bir fizioloji prossesdir. Tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatının olmasına mən də qarşıyam. Amma təəssüflər olsun ki,  qadınlarımızın çoxu daha rahat doğum şəkli olan qeysəriyyə əməliyyatını seçirlər. İlk baxışda bu proses normal görünsə də, sonradan bir çox ağırlaşmaları ola bilər. Bu da bir əməliyyat növü olduğu üçün əməliyyat sonrası qarın boşluğunda bitişikliklərin əmələ gəlməsi, ağrıların daimi qalması, ikinci və üçüncü hamiləliklərin məcburən qeysəriyyə əməliyyatı ilə olmasına şərait yaradır. Qeysəriyyə sonrası yara yerinin gec sağalması, övladını o an qucağına ala bilməməsi, uzun müddət yataq şəraitində qalması kimi mənfi tərəfləri var.

- Tibb elmi inkişaf etsə də hələ də doğuş zamanı ana ölümlərinə rast gəlinir. Necə hesab edirsiniz, bütün doğuşları ölümsüz sonlandırmaq olardımı? Qadın nə etməlidir ki hamiləliyi normal doğuşla nəticələnsin?

- Əslində ana ölümlərinin əsas səbəblərindən biri evdə doğumların olmasıdır, qanaxmalarla qarşılaşdıqlarında zamanında xəstəxanaya çatdıra bilməməkdir. Çünkü doğumlar sonrası bunun qeysəriyyə və ya normal doğuş olmasından asılı olmayaraq uşaqlığın atoniyası dediyimiz bir hal var ki, o an qadında qanaxmaları durdurmaq üçün müdaxilə etməsəniz, qısa zaman sonrası qan itkisindən ana ölümü ilə nəticələnə bilər.

Hamilənin normal doğuş etməsi üçün aylıq , həftəlik, günlük kontrol müayinələrə getməsi lazımdır. O, təcrübəli həkimlər tərəfiındən təqib edilməlidir. Çünkü doğuş sırasında olan qanaxmaların səbəblərindən biri də ciftin yerləşmə anomaliyasıdır. Bunlara diqqət etmək lazımdır.

- Stress qadınlarda ginekolojı problemlərə yol aça bilərmi?

- Stress bəzi qadınlarda hormonal dəyişikliklərə və nizamsız ovulyasiyaya səbəb ola bilər. Stress bir insanın hər hansı bir hadisəni qorxulu və ya təhlükəli olaraq qəbul etdiyi bir vəziyyət olaraq müəyyən edilə bilər. Stress nəticəsində bədəndəki müəyyən orqanların fəaliyyəti artır. Bu hərəkətlilik böyrəküstü vəzilərdən ifraz olunan hormonların sinir sisteminə yayılmasıyla meydana çıxır. Kəskin stress ürək döyüntüsünün artması, qan təzyiqi və tənəffüsün sürətlənməsi, eyni zamanda üzdə solğun ifadənin və əllərdə tərlənmənin yaranmasına səbəb ola bilər. Xroniki stress isə depresiyaya, immun sistemində dəyişikliklərə və yuxu pozğunluqlarına səbəb olur.

- Ginekoloji orqanlarda xərçəng şübhəsi zamanı hansı müayinələrdən keçmək lazımdır?

- Ümumiyyətlə, hər xanıma cinsəl aktiv həyata başladıqdan sonra ən az 3 ildən bir uşaqlıq boynundan sürünütü başqa ad ilə desək “PAP-SMEAR” və ya HPV testi verməsi məsləhət görülür. Qadın cinsiyyət orqanları xərçəngi içərisində uşaqlıq boynu xərçəngi zamanında aşkar olunarsa, müalicə oluna bilər. 9 yaşından etibarən isə bütün qız uşaqlarının xərçəng yarada bilən human papilloma virusa qarşı peyvənd edilməsi uyğundur. Bəzən “evləndikdən sonra ginekoloqa gedərsən” kimi fikirlər eşidirik. Bu fikirlə də heç vaxt razı olmadım. Yetkinlik yaşlarında həkim müayinəsi bütün qız uşaqları üçün vacib amillərdən biridir. Son zamanlarda xərçəng sayının artmasının bir çox səbəbləri vardır: bunlara ətraf mühit faktorunu, qidalarımızı, genetik faktoru, bəzi infeksiyon xəstəlikləri göstərmek olar.

- Qadınlarda xərəçəng xəstəliyinin müalicəsi üçün müasir texnalogiyalar  hansıdır? Bunlarla xəstəliyin qarşısını almaq mümkündürmü?

- Xərçəng xəstəliyinin hansı mərhələdə aşkar edilməsi çox önəmlidir. Erkən mərhlədə aşkar olunan xərçəng xəstəliyinin gedişatı da normal olur. Bəzən, erkən mərhələdə əməliyyatdan qurtulmaq mümkündür, gec mərhələlərdə isə medikal onkoloqlar sayəsində xəstəliyin başqa orqanlara yayılmasının qarşısını almaq üçün radioteraiya, kimyaterapiya kimi müalicə növlərindən istifadə edilir. 

- Bu xəstəliklərdən qorunmaq üçün nə edə bilərik?

Sağlam həyat tərzi, idmanla məşğul olmaq, sağlıqlı və təbii qidalarla qidalanmaq, düzənli olaraq ginekoloq müayinələri sizi bu xəstəliklərdən qoruya bilər. Çağımızın böyük bəlalarından biri HPV – Human Papilloma Virusdur, bu testləri etdirməyi unutmayın.