Böyük Britaniya hökuməti Roman Abramoviçə məxsus “Çelsi” futbol klubunun satışından əldə edilən 2,5 milyard funt-sterlinqin Ukraynada humanitar yardım məqsədləri üçün istifadəsinə imkan verən rəsmi lisenziya təqdim etməyə hazırlaşır.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Independent” nəşri yazıb.
Baş nazir Kir Starmer bildirib ki, sanksiya altında olan milyarder sözügedən vəsaitin könüllü şəkildə köçürülməsinə razılıq verməzsə, hökumət məsələni məhkəmə müstəvisinə daşıyacaq.
İcmalar Palatasında çıxışı zamanı Starmer qeyd edib ki, 2022-ci ildən dondurulmuş bu vəsait Ukraynaya yardım məqsədilə yaradılacaq xüsusi fonda yönəldiləcək. Onun sözlərinə görə, lisenziyanın təqdim edilməsi Abramoviçə qarşı hüquqi prosedurlar başlamazdan əvvəl atılan son addımdır.
Baş nazir əlavə edib ki, London Kiyevə dəstək vermək və Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərmək üçün tərəfdaş ölkələrlə birlikdə dondurulmuş Rusiya aktivlərindən istifadənin hüquqi mexanizmləri üzərində işləyir.
“Bu gün elan edirəm ki, “Çelsi” futbol klubunun satışından əldə olunan və 2022-ci ildən bəri dondurulmuş 2,5 milyard funt-sterlinq vəsaitin köçürülməsi üçün rəsmi lisenziya təqdim olunur. Roman Abramoviçə açıq mesajımız var: vaxt məhduddur, öhdəlik yerinə yetirilməlidir. Əks halda, hökumət bu vəsaitin Ukraynada müharibənin nəticələrindən əziyyət çəkən insanlara çatdırılması üçün məhkəməyə müraciət edəcək”, – deyə Kir Starmer vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər