“ABŞ İran PUA-sını məhv etdi”

abs-iran-pua-sini-mehv-etdi
Oxunma sayı: 1048

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35C” qırıcı təyyarəsi Ərəb dənizində “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə təhlükəli şəkildə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins məlumat yayıb.

Onun sözlərinə görə, gəmi İranın cənub sahillərindən təxminən 800 kilometr məsafədə olarkən “Şahed-139” tipli PUA gəmiyə doğru aqressiv manevrlər etməyə başlayıb:

“Amerika qüvvələrinin beynəlxalq sularda həyata keçirdiyi xəbərdarlıq və de-eskalasiya tədbirlərinə baxmayaraq, dron uçuşunu davam etdirib. Nəticədə gəmi heyətini qorumaq məqsədilə özünümüdafiə çərçivəsində PUA “F-35C” qırıcısı tərəfindən vurulub”.

Xatırladaq ki, Hörmüz boğazında İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlər və bir “Mohajer” dronu ABŞ bayrağı altında üzən “Stena Imperative” neft tankerinə qarşı təxribat törətməyə cəhd göstərib. ABŞ-nin “USS McFaul” esminesi dərhal hadisə yerinə gələrək tankeri müşayiət edib və vəziyyəti sabitləşdirib.