ABŞ-nin mərhələli Venesuela planı - Bəndlər

abs-nin-merheleli-venesuela-plani
Oxunma sayı: 1468

ABŞ-nin dövlət katibi Marko Rubio Venesueladakı son hadisələrdən sonra Vaşinqtonun hazırladığı üç mərhələli strateji planın təfərrüatlarını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət katibi ilk addım kimi ölkədəki vəziyyəti sabitləşdirməyi hədəflədiklərini bildirib.

Rubionun sözlərinə görə, əsas məqsəd Venesuelanın xaosa sürüklənməsinin qarşısını almaqdır.

Planın ikinci mərhələsi isə iqtisadiyyatın yenidən qurulmasını nəzərdə tutur. Bu mərhələdə ABŞ, Qərb və digər beynəlxalq şirkətlərin Venesuela bazarına ədalətli çıxışının təmin edilməsi nəzərdə tutulur. Strategiyanın üçüncü və yekun mərhələsi isə hakimiyyətin ötürülməsi prosesini əhatə edir.

Rubio qeyd edib ki, bu proses çərçivəsində siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyətinin bərpası və müxalifət qüvvələrinin əfvi həyata keçiriləcək. Vaşinqtonun yaxın günlərdə planın daha əhatəli detallarını təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusunun keçirdiyi əməliyyat nəticəsində Nikolas Maduro və həyat yoldaşı əsir götürülüb. Yanvarın 5-də isə Maduronun narkotik karteli yaratmaqda ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.