ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici tələbələrin ölkədə təhsil alması ilə bağlı viza qaydalarını sərtləşdirməyə hazırlaşır. Yeni qaydalara əsasən, beynəlxalq tələbələrin ABŞ-də qalma müddəti məhdudlaşdırıla və universitetlər arasında keçid imkanları çətinləşdirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti açıqlama yayıb.
Bildirilir ki, yeni siyasət xarici tələbə vizalarına daha ciddi nəzarət tətbiq etmək və “vizalardan sui-istifadənin qarşısını almaq” məqsədi daşıyır.
Hazırda F-1 tələbə vizası və J-1 mübadilə vizası ilə ABŞ-yə gələn tələbələr ölkədə “status müddəti” əsasında qala bilirlər. Bu sistem onlara təhsillərini başa çatdırmaq üçün lazım olan müddət qədər qalmağa imkan verir.
Yeni qaydalara əsasən isə xarici tələbələr ABŞ-də dörd ildən çox qalmaq üçün əlavə icazə almalı ola bilərlər. Eyni zamanda, təhsil proqramının dəyişdirilməsi və bir universitetdən digərinə keçid imkanları da məhdudlaşdırılacaq.
BBC-nin məlumatına görə, yeni məhdudiyyətlər xüsusilə magistratura və doktorantura pilləsində təhsil alan tələbələrə ciddi təsir göstərə bilər. Çünki bu proqramlar elmi araşdırmalar, laboratoriya işləri və dissertasiya hazırlığı səbəbindən çox vaxt dörd ildən uzun çəkir.
ABŞ-də beynəlxalq tələbələrin böyük hissəsi məhz elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində magistr proqramlarına üstünlük verir.
ABŞ Daxili Təhlükəsizlik katibi Markveyn Mullin isə bildirib ki, əvvəlki sistem bəzi şəxslərin təhsil müddətini süni şəkildə uzadaraq ölkədə qalmasına imkan verib.
“Onilliklər ərzində xarici tələbələr ABŞ-yə qeyri-müəyyən müddətə qəbul ediliblər. Bu isə bəzi şəxslərin immiqrasiya sistemindən sui-istifadə etməsinə şərait yaradıb”, - deyə Mullin bildirib.
Yeni qaydalar məzun olduqdan sonra xarici tələbələrə verilən güzəşt müddətini də azaldır. Onlar ya ABŞ-dən ayrılmalı, ya da başqa viza növünə keçid üçün müraciət etməlidirlər.
Hazırda bu müddət 60 gün olduğu halda, yeni qaydalara əsasən, 30 günə endiriləcək.
Yeni viza məhdudiyyətləri Tramp administrasiyasının xarici tələbələrin sayını azaltmaq və ABŞ-yə immiqrasiyanı sərtləşdirmək istiqamətində atdığı addımların bir hissəsi hesab olunur.
Son xəbərlər
Son Xəbərlər