Abşeronda qurumuş ağacların yerinə yeni tinglər əkilir - Fotolar

abseronda-qurumus-agaclarin-yerine-yeni-tingler-ekilir
Oxunma sayı: 285

Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, şəhər ərazisində mövcud olan həmişəyaşıl ağacların, xüsusilə şam ağaclarının bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentlinə müraciət olunub, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub. 

Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilib və araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib. Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına Parkda kök üstündə qurumuş 749 ədəd şam ağacının götürülməsi haqda məktub daxil olub.

Bu rəyə uyğun olaraq RİH tərəfindən Park ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. İlkin mərhələdə yaz aylarında 200 ədəd qurumuş ağac götürülüb. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyəti qurumların iştirakı ilə qeydiyyata alınıb. Onların yerinə isə hündürlüyü 3-4 metr olmaqla şam ağacı, küknar, zeytun və müxtəlif ağaclar əkilib. Ağac əkimi mövsümü boyunca yeni tinglərin əkilməsi davamlı olaraq həyata keçiriləcək.

Abşeron Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların qorunmasına həsasslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2025-2026-ci illər ərzində rayon ərazisində 25.000-ə yaxın ağac və kollar əkilib, onlara aqroqulluq təşkil edilib.