ADPU-nun Quba filialında kitab təqdimatı keçirildi - Fotolar

adpu-nun-quba-filialinda-kitab-teqdimati-kecirildi
Oxunma sayı: 286

Avqustun 31-i Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatinın dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Əməkdar həkim Cabir Məmmədovun mənalı həyat yoluna və əziz xatirəsinə həsr olunmuş, görkəmli şair Ramiz Qusarçaylı və yazıçı-publisist Qvami Məhəbbətoğlu tərəfindən qələmə alınmış “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.Tədbir iştirakçılarına Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətindən bəhs edən “Əməkdar həkim” adlı videoçarx təqdim olunub.

Tədbiri giriş sözü ilə ADPU-nun Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev açaraq qonaqları salamlayıb. Professor Yusif Alıyev çıxışında Azərbaycan cəmiyyətində elm, təhsil, səhiyyə və ədəbiyyat sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş, peşəkar fəaliyyəti ilə insanların rəğbətini qazanmış şəxsiyyətlərin həyat yolunun öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Cabir Məmmədovun zəngin həyat və əmək yolunun kitab formatında əbədiləşdirilməsini yüksək qiymətləndirərək müəlliflərə təşəkkürünü bildirib və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri, aparat rəhbəri Rauf Aslanov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Zeynalov, Quba RMX-nın kardioloqu Nazim Şafiyev, Tibb üzrə fəlsəfə doktoru, həkim Rafiq Kərimov, Şəhid atası Niyaz Məlikov, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova,Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, Ziyalı Hacıbaba Bayramov, ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Aysel Şeydayeva, Əməkdar artist Ağalar Bayramov ailə üzvü Rəşad Cabirli çıxış edərək kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib, Cabir Məmmədovun şəxsiyyəti və həyat yolunun cəmiyyət üçün nümunəvi məqamlarına toxunublar.

Çıxışlarda xüsusilə vurğulanıb ki, “Zaman gələr, zaman gəlməz” kitabı yalnız bir həkimin həyat yolunu əks etdirən nəşr deyil, eyni zamanda insan ömrünün mənası, peşəyə sədaqət, xalqa xidmət və mənəvi dəyərlərə bağlılıq kimi ali prinsipləri özündə ehtiva edən qiymətli salnamədir. Kitabın ərsəyə gəlməsi Cabir Məmmədovun xatirəsinin yaşadılması ilə yanaşı, onun həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.

Tədbirin sonunda kitabın müəllifləri Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu çıxış edərək nəşrin ərsəyə gəlməsi prosesindən, Cabir Məmmədovun həyat yolunun öyrənilməsi və kitablaşdırılması ilə bağlı məqamlarından bəhs edib, tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər. Sonda xatirə fotosu çəkdirilib və kitabın imza mərasimi keçirilib.