Ağdam rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə Ağdam rayonunda fəaliyyət göstərən fermer təsərrüfatlarına baxış keçirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Əlaqələndirmə Qərargahının üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri fermer təsərrüfatlarında olublar.
Baxış zamanı təsərrüfatların mövcud vəziyyəti, əkin sahələrinin istifadəsi, istehsal imkanları və qarşıya çıxan problemlərlə yerində tanış olunub. Fermerlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə müzakirələr aparılıb.
Daha sonra Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında fermer və sahibkarların, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Dövlət Proqramının rayonda icrası, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, suvarma məsələləri, fermerlərin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görüləcək işlər müzakirə olunub.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Rayon rəhbəri Ağdamda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin dövriyyəyə cəlb olunması, məhsuldarlığın yüksəldilməsi və fermerlərin qarşılaşdıqları məsələlərin operativ həlli üçün aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 08 iyul 2026-cı il tarixli 158 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən rayon ərazisində kənd təsərrüfatı ilə bağlı məsələlərin operativ həlli, fermer və sahibkarların müraciətlərinin aidiyyəti qurumlara yönləndirilməsi və görülən işlərin əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında Dövlət Proqramının kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi, istehsalın və məhsuldarlığın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və aqrar sahibkarlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının 8 iyul 2026-cı il tarixli 158 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İş Planı” üzrə görülmüş işlər barədə məlumat verilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib. Qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb və onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi müəyyənləşdirilib.
Sonda fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, aqrar sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək, kənd təsərrüfatının inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını, Dövlət Proqramının icrasında fəal iştirak edəcəklərini, kənd təsərrüfatının inkişafı və istehsalın artırılması istiqamətində mövcud imkanlardan səmərəli istifadə edəcəklərini bildiriblər.






