Ağstafada Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - Fotolar

agstafada-beynelxalq-muellimler-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 518

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər müəllimlik peşəsinin cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, savadlı və vətənpərvər gənc nəslin formalaşmasında mühüm rolundan bəhs ediblər.

Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı və təhsil işçilərinin əməyinə verilən yüksək qiymət xüsusi vurğulanıb. Bildirilib ki, müəllimlərin fədakar və məsuliyyətli fəaliyyəti, şagirdlərin təlim-tərbiyəsində göstərdikləri peşəkarlıq və səylər təhsil sahəsində əldə olunan uğurların əsas amillərindəndir. Müəllim əməyinin yalnız bilik verməklə məhdudlaşmadığı, eyni zamanda gənc nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Daha sonra təhsil sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və fərqlənən xidmətləri ilə seçilən müəllimlərə Fəxri Fərmanlar və təşəkkürnamələr təqdim olunub.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında müəllimlərə həsr olunmuş musiqi nömrələri, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim edilib. Sonda müəllimlər peşə bayramı münasibətilə təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb