Ağstafada jurnalistlərlə görüş təşkil olundu - Fotolar

agstafada-jurnalistlerle-gorus-teskil-olundu
Oxunma sayı: 245

Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ölkənin aparıcı media orqanlarının bölgə nümayəndələri, eləcə də ağstafalı mətbuat işçiləri iştirak ediblər.

Görüşdə giriş nitqi söyləyən Seymur Orucov peşə bayramları münasibəti ilə media əməkdaşlarını təbrik edib, Azərbaycan mətbuatının zəngin tarixi yoluna nəzər salarkən, onun müasir inkişaf mərhələsinin bütövlükdə Ümummilli Lider Heydər Əliyevin adı və rəhbərliyi ilə həyata keçirilən qətiyyətli islahatlarla bağlı olduğunu vurğulayıb. Məhz 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı cəmiyyətin bütün sahələrində olduğu kimi, milli jurnalistikamızda da inkişaf dövrünün əsası qoyuldu. Ulu Öndər milli mətbuatı hüquqi dövlətin və vətəndaş cəmiyyətinin ən mühüm sütunlarından biri kimi müəyyənləşdirdi. Bu gün bu ali diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqətin nəticəsidir ki, Azərbaycan mediası müasir çağırışlara çevik reaksiya verir, dövlətçilik maraqlarımızı və milli təhlükəsizliyimizi qorumaq məsuliyyətini hər zaman öndə tutur. 44 günlük Vətən müharibəsində və suverenliyimizin tam bərpa olunduğu tarixi dövrdə Azərbaycan jurnalistlərinin ön cəbhədəki əsgərlərimizlə çiyin-çiyinə durub informasiya cəbhəsində düşmənin saxta təbliğatını darmadağın edib, haqq səsimizi dünyaya ucaldaraq göstərdikləri böyük şücaət qeyd olunanların bariz nümunəsidir. Bu şərəfli yolda canını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman jurnalistlərimizin əziz xatirəsini isə xalqımız hər zaman dərin hörmət və ehtiramla yad edəcək.

Görüşdə digər çıxış edənlər, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qərb bölgəsi üzrə müxbiri Alməmməd Nəbiyev, “Space” Televiziyasının bölgə müxbiri Vasif Abdiyev, “İctimai” Televiziyanın bölgə müxbiri Ruslan Əhmədov, “Azad Azərbaycan” Televiziyasının bölgə müxbiri Anar Sərvaz, “ARB” Televiziyasının bölgə müxbiri Kamran Alməmmədov, “Xəzər” televiziyasının bölgə müxbiri Cümşüd Məmmədov, “APA TV”-nin bölgə müxbiri Fuad Hüseynov, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, “Bakinski raboçi” qəzetinin nümayəndəsi Mətləb Həsənov, “mediaxeberleri.az” saytının baş redaktoru Ələddin Qarayev, “mubarizciler.az” saytının baş redaktorlaru Elçin Tağıyev öz təəssüratlarını bölüşüb, medianın maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, onların və həmkarlarının sosial müdafiəsinin gücləndirilməsi, bu sahəyə göstərilən xüsusi dövlət qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd dolunub ki, tarixi boyu çətin və sınaqlarla dolu inkişaf yolu keçən milli mətbuatımızın təməli düz 151 il əvvəl, 1875-ci ilin 22 iyulunda böyük mütəfəkkir, maarifçi alim Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. Onun böyük fədakarlıqla ərsəyə gətirdiyi anadilli ilk mətbu orqanımız – “Əkinçi” qəzeti, qaranlıq bir dövrdə millətin milli oyanış məşəlinə çevrildi.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.