Ağstafa rayonundakı məktəblərdən birində bıçaqlanma baş verib.
“Qafqazinfo” xəbər verir ki, 9-cu sinif şagirdi E.Y. məktəb yoldaşı F. N.-i bıçaqlayıb.
İlkin məlumata görə, hadisə tənəffüs vaxtı qeydə alınıb. Şagirdin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 9-da tənəffüs zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib:
“Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.
Məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.
Ümumi təhsil müəssisələrində təlim - tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.
Şagirdlərin çantalarında tədris prosesinə uyğun olmayan əşyalar aşkarlanarsa, həmin əşyalar məktəb rəhbərliyi tərəfindən götürülür. Şagirdlərin valideynləri məktəbə dəvət olunur, məktəb rəhbərinin iştirakı ilə valideynlə görüş keçirilir. Görüşdə tədris prosesinə uyğun olmayan, şagirdlərin həyat və sağlamlığı üçün təhlükəli və zərərli əşyaların məktəbə gətirilməsinin qadağan olması bir daha diqqətə çatdırılır və əşyalar valideynlərə təhvil verilir”.
***
TƏBİB-dən bildirilib ki, ötən gün saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb.
Yunis Quliyev