“Vergitutma bazasının genişləndirilməsi məqsədilə növbəti ildən aksizə cəlb olunan malların siyahısının artırılması nəzərdə tutulur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi istiqamətində vətəndaşlarımız üçün maraqlı ola biləcək yeni bir yanaşma vardır. Dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur. Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur”, - DVX rəisi bildirib.
O.Nəzərli həmçinin əlavə edib ki, vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm yeniliklərdən biri yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiqi ilə bağlıdır. Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır: “Aparılmış təhlillər və hazırlıq işləri nəticəsində artıq bu mexanizmin praktik tətbiqinə keçid üçün imkanlar formalaşıb. Beləliklə, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər