Alimlər 2050-ci ilə qədər dünyada yeni xərçəng hallarının sayının təxminən 67% artaraq 34 milyona çatacağını proqnozlaşdırıblar.
“Qafqazinfo” “CA: A Cancer Journal for Clinicians” jurnalında dərc olunan araşdırmaya istinadla xəbər verir ki, 2024-cü ildə bu göstərici 21 milyon nəfər təşkil edib.
Amerika Xərçəng Cəmiyyətinin alimi Xyuna Sonun rəhbərliyi ilə aparılan tədqiqata əsasən, xəstələnmə sayının kəskin artmasının əsas səbəbi insan sağlamlığının pisləşməsi deyil, planet əhalisinin sayının artması və qocalmasıdır. Hesablamalara görə, dünyada hər 5 nəfərdən biri həyatı boyunca ən azı bir dəfə onkoloji xəstəliklə üzləşəcək.
Tədqiqatçılar vurğulayırlar ki, xərçəngdən ölüm hallarının təxminən yarısının qarşısını almaq mümkündür. Tütündən və alkoqoldan imtina, düzgün qidalanma, fiziki aktivlik, vaksinasiya və erkən diaqnostika sayəsində milyonlarla insanın həyatını xilas etmək olar.
Qeyd edək ki, 2024-cü ilin statistikasına əsasən, dünyada ən çox yayılan xərçəng növü 2,6 milyon halla (bütün xəstəliklərin 13%-i) ağciyər xərçəngi olub. İkinci yerdə isə 2,4 milyon halla qadınlarda süd vəzi xərçəngi qərarlaşıb.
Alimlər xəbərdarlıq edirlər ki, onkoloji xəstələrin sayının artması xüsusilə az və orta gəlirli ölkələrin səhiyyə sistemləri üçün ağır yükə çevriləcək.
Son xəbərlər
Son Xəbərlər