“Almaniyada rifah dövrü başa çatdı”

almaniyada-rifah-dovru-basa-catdi
Oxunma sayı: 831

Almaniya Kansleri Fridrix Merts ölkənin iqtisadi gələcəyi ilə bağlı xalqa və siyasi elitaya ciddi xəbərdarlıq edərək, rifah dövrünün sona çatdığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Der Spiegel” jurnalına müsahibəsində deyib.

Kansler Almaniya sakinlərinin artıq əvvəlki sabitlik və firavanlıq səviyyəsinə ümid etməməli olduqlarını bildirib.

Mertsin sözlərinə görə, son 20 ildə siyasi rəhbərlik və cəmiyyət dünyada baş verən köklü dəyişiklikləri düzgün qiymətləndirməyib:

“Əhalinin böyük hissəsi, eləcə də siyasi təbəqə hazırda dünyada nələrin baş verdiyini az qiymətləndirir. Biz ümumi rifah atmosferində həddindən artıq rahatlığa öyrəşmişik. Mən son 20 ildə əbədi çiçəklənmə illüziyasının davam etməyəcəyini birbaşa elan edən ilk hökumət başçısı olacağam. Bu səbəbdən ölkədə vergi, pensiya və səhiyyə sistemlərində ağrılı, lakin zəruri islahatların keçirilməsi qaçılmazdır”.

Almaniya lideri vəziyyətin ciddiliyini nəzərə alaraq, tənqidlərdən çəkinməyəcəyini vurğulayıb:

“Biz sadəcə son 20 ildə olduğu kimi davam edə bilmərik. Mən and içmişəm və vicdanım qarşısında öhdəliyim var. Bəlkə də fikirlərimi daha nəzakətli formada ifadə etməliyəm, lakin vəziyyət o dərəcədə gərgindir ki, həqiqəti deməkdən boyun qaçırmayacağam”.