Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva barəsində cinayət işi başlanıb. Belə ki, onlar işğaldan azad olunmuş Azərbaycan ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur.
“Qafqazinfo” xəbər verir ki, Səbuhi Hüseynov məsələ ilə bağlı açıqlama yayıb.
O, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş hüquqşünası Fəxrəddin Gözəlovun onlara şər atdığını bildirib:
“AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş hüquqşünası Fəxrəddin Gözəlov yalan danışaraq guya ekspedisiya üzvlərinin imzalarında mənim və həyat yoldaşım Gülüstan İsayevanın imzaları olduğunu bildirir. Bildirirəm ki, bu ağ yalanı Fəxrəddin Gözəlov hüquqşünas olmağına baxmayaraq mətbuatda bildirib. Ekspertizaya göndərilmiş imza nümunələrinin heç birində nə mənim, nə də həyat yoldaşımın imzaları çıxmayıb. Hamısı ekspertlər tərəfindən yoxlanılıb. Bu ekspert rəyi məndə də var. Bu hüquqşünas bilə-bilə yalan məlumat verir və ən əsası istintaqda olan məlumat, qarşı, yəni şikayətçi tərəf tərəfində necə əldə edilib, bu necə olub? Axı, istintaq gizli aparılır”.
“Digər tərəfdən diqqət edin. İnstitutun hüquqşünası bildirir ki, yoxlama nəticəsində Gülüstan İsayevaya təklif edilib ki, daha yüksək vəzifə keçsin. Lakin Gülüstan İsayeva imtina edib. Bax, AMEA-da əsl reallıq budur. Adama deyərlər, əgər “cinayət” edibsə, niyə daha yüksək vəzifəyə keçirirsiz?”, - Səbuhi Hüseynov əlavə edib.