Ananın imtina etdiyi 40 günlük körpə ilə bağlı açıqlama - Foto - Yenilənib

ananin-imtina-etdiyi-40-gunluk-korpe-ile-bagli-aciqlama
Oxunma sayı: 1728

Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti açıqlanıb. 

Bu barədə “Qafqazinfo”ya Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, fevralın 10-u saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.

Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, anası 40 günlük körpəni Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.

***

“Anası tərəfindən imtina olunan uşaq Körpələr evinə yerləşdiriləcək”.

Bu barədə sorğumuza cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.  

Xəbəri rus dilində oxuyun: Что ждет 40-дневную девочку, от которой отказалась мать? - ВИДЕО

O qeyd edib ki, hazırda məsələ nəzarətdə saxlanılır: “Gəncədə uşağından imtina edən ana ilə Sosial Xidmətlər Agentliyinin əməkdaşları görüşüb. Ona sosial yardım təklif olunub, lakin qadın razılaşmayıb. 

Hazırda körpənin ümumi vəziyyəti yaxşıdır. Bir müddətdən sonra Körpələr evinə yerləşdiriləcək. Məsələ Komitə tərəfindən nəzarətdə saxlanılır”.

***

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən sorğumuza belə cavab verilib:

“Qeyd edilən körpə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə müraciət ötən ay daxil olub. Müraciətdə körpənin anası müxtəlif səbəblərdən qızına qayğı göstərə bilmədiyini və onun uşaq müəssisələrindən birinə yerləşdirilməsini xahiş edib. 

Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilkin qiymətləndirmə məqsədilə dərhal ananın yaşadığı ünvana səfər ediblər. Qiymətləndirmə zamanı anaya övladına özünün qayğı göstərməsi üçün sosial dəstək tədbirləri ilə əhatə olunması təklif edilsə də o, bundan imtina edib. 

Bundan sonra körpə müvafiq tibbi müayinələrə yönləndirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün körpələr evinə yerləşdiriləcək”.

Gülnar Əliyeva