Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində Xəzər rayonu, Buzovna və Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında gülqoyma mərasimi baş tutub və şəhid ailələri ilə görüş keçirilərək ailələrin qayğıları ilə maraqlanılıb.
Daha sonra 27 sentyabr- Anım Gününün ildönümünün qeyd olunması ilə bağlı anım tədbiri keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri, idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, ictimai birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
27 sentyabr – Anım Gününün qeyd olunması ilə bağlı keçirilən tədbir tanınmış teleaparıcı Lalə Azərtaş tərəfindən açıq elan edilib və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra respublikamızın ərazi bütövlüyünün qorunması və bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, təcavüzkar Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə və növbəti təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsində əldə olunan tarixi Qələbə xalqımızın milli birliyinin və həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığının, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinin, qətiyyətli siyasi iradəsinin və uğurlu hücum diplomatiyasının məntiqi nəticəsi olub. Rayon rəhbəri həmçinin qeyd edib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər daim diqqət və qayğı ilə əhatə olunur, onların müraciətləri və qarşılaşdıqları problemlər həssaslıqla nəzərdən keçirilir, sosial rifahlarının və gündəlik qayğılarının təmin olunması istiqamətində müvafiq tədbirlər davamlı şəkildə həyata keçirilir.
Tədbirdə Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxış edərək Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan, onların əziz xatirəsinin daim uca tutulmasından, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıblar. Çıxışlarda qalib Azərbaycan Ordusunun şanlı inkişaf və formalaşma yoluna nəzər salınaraq, ordu quruculuğu istiqamətində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycan Ordusunun müasir və qüdrətli orduya çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər xüsusi vurğulanıb.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım Məcidova və şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, eləcə də müharibə iştirakçıları və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordeni laureatı Nurəddin Mehdixanlı Vətən müharibəsi şəhidlərinin əziz və unudulmaz xatirəsini ehtiramla yad edərək, qəhrəman oğullarımızın şərəfli döyüş yolunu, Vətənə sonsuz məhəbbətini və müqəddəs şəhidlik zirvəsini tərənnüm edən təsirli çıxış edib, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.
Çıxışlardan sonra Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

















