“Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Aqrar Süni İntellekt layihəsi çərçivəsində nəzərdə tutulan 33 süni intellekt və rəqəmsal həllin 13-ü artıq istifadəyə verilib, 11-i isə sınaq və inteqrasiya mərhələsindədir.
Nazir müavini həmçinin bildirib ki, bu 33 həll üç əsas istiqaməti əhatə edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan Aqrar Süni İntellekt layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb.
Layihənin əsas məqsədi kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə imkanlarını genişləndirmək, məhsuldarlığın artırılmasını dəstəkləmək, resurslardan səmərəli istifadəni təşviq etmək və dövlət dəstəyi mexanizmlərinin effektivliyini yüksəltməkdir. Layihə, həmçinin 2026–2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan süni intellekt sisteminin yaradılması tədbirinin icrasına xidmət edir”.
O əlavə edib ki, xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması həlli aqrometeoroloji stansiyalardan əldə olunan məlumatlar əsasında riskləri saatlıq qiymətləndirir, zərərvericilərin inkişaf mərhələlərini izləyir. Hazırda sistem səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir.
“Dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli isə külək, yağıntı ehtimalı və temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir. Bu imkan fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir. Bitkilərin əraziyə uyğunluğunun müəyyən edilməsi, inkişaf fazaları üzrə risklərin xəritələşdirilməsi, temperatur xəbərdarlıqlarının verilməsi və optimal əkin müddətinin hesablanması da istismarda olan həllər sırasındadır. Torpaq və iqlim göstəricilərinə əsaslanan məlumatlar bitki və sort seçiminin daha əsaslandırılmış şəkildə aparılmasına şərait yaradır”, - nazir müavini qeyd edib.
***
Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov mətbuat konfransında bildirib ki, Azərbaycanda fermerlərə qabaqcıl qərarvermə mexanizmləri təqdim olunub.
Onun sözlərinə görə, təqdim olunan sistem akademik məlumatların işlək modula çevrilməsidir: “Bu yeniliyin sayəsində fermerlər yetkin fərdlərin, yumurtaların və pupa fazalarının inkişaf mərhələlərini izləyə bilir. Fermer bəzən doğru pestisid açsa belə, doğru faza da olmadığı üçün heç bir mübarizə tədbiri apara bilmir. Amma burada artıq fazanı gördüyü üçün fermer məlumatı daha yaxşı emal edib daha da düzgün qərar verə bilir”.
S.Novruzov qeyd edib ki, sistemdə ölkədə əsas bitkilərə təsir göstərən 18 xəstəlik və zərərverici modulu toplanıb: “Modul zərərvericinin fazasını, istifadə olunacaq ana maddə və dərmanları qeyd etməklə yanaşı, növbəti üç gün ərzində onun hansı fazada olacağını da göstərir. Bundan əlavə, fermerlər yetişdirdikləri müxtəlif meyvə sortları üzrə ayrı-ayrılıqda risk səviyyələri və göstəriciləri ilə tanış ola bilirlər”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər