AQSAS Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirdi - Fotolar

aqsas-zerife-eliyevanin-100-illiyi-ile-bagli-tedbir-kecirdi
Oxunma sayı: 2543

Aprelin 26 da Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının (AQSAS) sədri Vəfa Əfəndiyevanın təşkilatçılığı, “Azman Holding”in təsisçisi Azər Əsgərovun xüsusi dəstəyi ilə görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri Kamilə Əliyeva, Sevinc Hüseynova, professor Paşa Qəlbinur, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Azman Holding”in nümayəndəsi İlahə Abdullayeva, KOBİA, DSMF və digər dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış ictimaiyyət nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər. Xatirə gecəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Azərbaycan Qadın Sahibkarlarının Milli Assosiasiyasının prezidenti Vəfa Əfəndiyeva açılış nitqi söyləyib. O, 2023-cü ilin Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq Akademik, Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdar olduğunu deyib.

Vəfa Əfəndiyeva sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu bildirib: “Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır. Bu gün bu mötəbər tədbirdə Zərifə xanımın ömür yoluna nəzər salarkən bir daha şahid olduq ki, o, əfsanəvi bir həyat yaşayıb. Çox təəssüf ki, taleyin Zərifə xanıma yazdığı ömür payı qısa oldu, o, müstəqil Azərbaycanı-Ulu Öndər Heydər Əliyev cənablarının zəngin irsinə əsaslanan, və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində sürətlə inkişaf edən, gələcəyə inamla baxan, gündən-günə gözəlləşən, müasirləşən Vətənimizin bu gününü görmədi. Lakin qəlbimizdə bu təəssüflə yanaşı, bir inam da vardır: səhiyyəmizin tərəqqisi, tibb elmində qazanılan uğurlar görkəmli alimin xatirəsinə ucaldılan ən möhtəşəm abidədir. Əsl yaradıcılıq, əsl elm daimidir. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək”. 

Azərbaycan Respublikası Sahibkar Qadınlar İB-nin sədr müavini Afaq Əliyevanın moderatorluğu ilə keçirilən xatirə gecəsinin rəsmi hissəsi qonaqların çıxışları ilə davam edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək Akademik Zərifə xanım  Əliyevanın Azərbaycan elminə və ailə instituna verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir: “Onun keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir”.

Həmçinin çıxış edən professor Paşa Qəlbinur Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Müzəffər Sərkərdə missiyasında yaşadığını bildirib və Zərifə xanımın ictimai fəaliyyətini Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev fondunun rəhbəri, hörmətli Mehriban xanım Əliyeva tərəfindən bu gün daha geniş miqyasda şərəflə, məsuliyyətlə davam etdirildiyini qeyd edib.

Millət vəkili Kamilə Əliyeva çıxışında Akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsindən bəhs edib.

Millət vəkili Sevinc Hüseynova da Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb. O, qayğıkeş həkim Zərifə xanım Əliyevanın həyat yolunun həqiqi mənada nümunə göstərilə biləcək qədər mənalı, zəngin olduğunu vurğulayıb.

Çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyini bildirib: “Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. O, həm də xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün əvəzsiz töhfələrini verib”.

“Azman Holding”in nümaynədəsi İlahə Abdullayeva isə çıxışında təmsil etdiyi şirkətin hər zaman bu kimi tədbirlərə dəstək verdiyini və bundan məmnunluq duyduqlarını qeyd edib.

Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva və AQSAS-ın sədr müavini İlhamə Şirinovanın çıxışından sonra tədbir bədii proqram və furşetlə davam edib.

Bədii hissə əməkdar artist Zaur Əmiraslanov, əməkdar artist, pianoçu Elman Əzimov, Elnarə Xəlilova, Samir Piriyev və digər sənətçilər çıxış ediblər.