“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alındı - Fotolar

asan-xidmete-100-milyonuncu-muraciet-qeyde-alindi
Oxunma sayı: 697

Bu gün “ASAN xidmət”ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu müraciət 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaşımız İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib.

O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN xidmət” artıq fəaliyyətinin 13-cü ilini başa vuraraq 14-cü ilinə qədəm qoyur. Bu müddət ərzində xidmət modeli vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərir. 

“ASAN xidmət” mərkəzlərində ümumilikdə 400-yaxın xidmət göstərilir.

Bununla yanaşı, “ASAN xidmət” modeli beynəlxalq səviyyədə də böyük maraq doğurur və bu günədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.

Artıq “ASAN xidmət” mərkəzlərinə 9 milyon 193 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.