Azərbaycan Tibb Universiteti (ATU) ilk dəfə “Times Higher Education” tərəfindən “THE World University Rankings”-də (Dünya Universitetləri Reytinqi) yer alaraq beynəlxalq reytinq səhnəsində tarixi debüt edib.
“Qafqazinfo” xəbər verir ki, ATU-nun 2027-ci il reytinqində 2001+ intervalında qərarlaşması universitetin qlobal akademik məkanda tanınması baxımından mühüm hadisədir. Bu tarixi debüt ATU üçün yeni beynəlxalq mərhələnin başlanğıcıdır.
THE-nin 2027-ci il üzrə Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 297 ali təhsil müəssisəsi təmsil olunub. Azərbaycan üçün builki nəticələrin əsas yeniliklərindən biri ATU-nun ilk dəfə bu siyahıya daxil olmasıdır.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, ATU-nun “THE World University Rankings”də yer alması universitetin akademik və elmi fəaliyyətinin beynəlxalq səviyyədə daha geniş tanınması, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının artırılması və yeni tərəfdaşlıqlar üçün əlavə imkanların yaranması baxımından əhəmiyyət daşıyır:
“Bu nəticə yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla, ATU-nun elmi və akademik potensialını daha geniş coğrafiyada təqdim etməsi, beynəlxalq əməkdaşlıqlarını inkişaf etdirməsi və gələcək reytinqlərdə mövqeyini gücləndirməsi üçün mühüm zəmin yaradır”.
Son xəbərlər
Son Xəbərlər