Avropa Komissiyasının yeni tərkibi açıqlandı

avropa-komissiyasinin-yeni-terkibi-aciqlandi
Oxunma sayı: 1276

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen komissiyanın yeni tərkibi ilə bağlı təkliflərini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Leyen bu barədə öz “X” hesabında paylaşım edib.

Gələcək 5 il ərzində fəaliyyət göstərəcək komissiya 40 faiz qadınlardan ibarətdir.

Belə ki, Estoniyanın keçmiş Baş naziri Kaya Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təyin ediləcək. 2019-cu ilin dekabrından bu vəzifəni Cozep Borrel icra edib.

Avropa Komissiyasının vitse-prezidenti, rəqabət məsələlərindən məsul şəxs olaraq isə İspaniyanın hökumət başçısının müavinlərindən biri olan Tereza Ribera təklif edilib.

Texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə vitse-prezident postunu isə Avropa Parlamentinin deputatı Henna Virkkunen tutacaq.

Bununla yanaşı, Leyen Fransanın XİN rəhbəri Stefan Sejurneyə də vitse-prezident postunu təklif edib.

“Reuters” agentliyinin məlumatına görə, bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir. Komissiyanın yeni tərkibinin noyabrın 1-dən işə başlayacağı gözlənilir.

Xatırladaq ki, Ursula von der Leyen iyul ayında yenidən Avropa Komissiyasının rəhbəri seçilib.