Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərqli orbitin analizinə əsaslanır.
Nəticədə indiyə qədər nəzərə alınmayan, cazibə qüvvəsindən daha səmərəli istifadə edən “alternativ uçuş xətti” aşkar edilib.
Tədqiqatın müəllifləri bildirirlər ki, yeni trayektoriya kosmik aparatların yanacaq sərfini azaldaraq saniyədə təxminən 58,8 metr ekvivalentində enerji qənaəti yarada bilər. Bu fərqin böyük kosmik missiyalarda milyonlarla dollarlıq xərcləri azalda biləcəyi qeyd olunur.
Araşdırma Portuqaliyadakı Koimbra Universiteti və Braziliyadakı San-Paulu Universiteti alimlərinin iştirakı ilə hazırlanıb.
Alimlər həmçinin bildirirlər ki, yeni trayektoriya Ayın arxa tərəfi ilə bağlı yaranan rabitə kəsintilərini də minimuma endirə bilər. Bu, xüsusilə NASA kimi qurumların gələcək missiyaları üçün vacib üstünlük hesab olunur.
Qeyd edilir ki, gələcək tədqiqatlarda Günəşin cazibə təsiri də nəzərə alınarsa, daha da səmərəli kosmik marşrutların tapılması mümkündür.
Son xəbərlər
Son Xəbərlər