Azərbaycanda tropik meyvə istehsalı sahəsində 2 il əvvəl atılan ilk addımlar bu gün daha inamlı və sürətlidir. Ölkəmizdə ilk dəfə “AZERA Holdinq”in kənd təsərrüfatı sektoru şirkətlərində yetişdirilən yerli bananlar tədricən istehlakçılar tərəfindən tanınmağa və sevilməyə başlayır.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiyası) dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu kontekstdə aqrar sektorun məhsul strukturunun genişləndirilməsi və ənənəvi olmayan kənd təsərrüfatı məhsullarının istehsala cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Tropik meyvə olan bananın ölkə daxilində istehsalına başlanılması bu baxımdan strateji xarakter daşıyan təşəbbüs kimi qiymətləndirilə bilər. Azərbaycanın aqrar sektorunda banan istehsalının iqtisadi diversifikasiya və idxalı əvəzləmə baxımından rolu yüksək qiymətləndirilir.
“AZERA Holdinq”ə daxil olan “Fruitland” MMC tərəfindən həyata keçirilən yerli banan istehsalı layihəsi aqrar sahədə struktur yenilənməsinin praktik nümunəsidir. 2024-cü ildən etibarən reallaşdırılan bu təşəbbüs nəticəsində əvvəllər tamamilə idxal hesabına təmin olunan məhsulun daxili istehsal imkanları formalaşdırılmışdır. Bu isə ölkənin ərzaq təminatında idxaldan asılılığın azaldılması və tədiyyə balansında valyuta axınının optimallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
İdxalı əvəzləmə strategiyası çərçivəsində yerli banan istehsalı bir neçə istiqamətdə müsbət iqtisadi effekt yaradır:
1.İdxal xərclərinin azaldılması - Bananın daxili istehsalı idxal prosessləri üçün nəzərdə tutulan xərclərinin də qismən azalmasına şərait yaradır.
2.Məhsul diversifikasiyası – Aqrar sektorun məhsul portfeli genişlənir, bu da sektorun risklərə qarşı dayanıqlığını artırır.
3.Yeni investisiya və məşğulluq imkanları – Geniş əraziyə malik istixana kompleksində təşkil edilən təsərrüfat yeni iş yerlərinin yaradılmasına və iqtisadi aktivliyin yüksəlməsinə xidmət edir.
4.Texnoloji transfer və innovasiya – Tropik meyvənin yerli iqlim şəraitinə uyğunlaşdırılması innovativ aqrotexniki yanaşmaların tətbiqini tələb edir ki, bu da sektorun modernləşməsinə töhfə verir.
Layihə çərçivəsində istehsal sahəsinin 100% genişləndirilməsi və məhsuldarlığın 35% artması aqrar biznes modelinin iqtisadi səmərəliliyini göstərir. Əldə olunan məhsul həcmi isə artıq daxili bazarda müəyyən pay formalaşdırmağa imkan verir. Məhsulun yığım sonrası proseslərin yekununda dərhal satışa çıxarılması istehlakçılara daha təzə məhsul təqdim olunmasını təmin edir ki, bu da rəqabət üstünlüyü yaradır.
Bundan əlavə, banan təsərrüfatının aqroturizm məkanına çevrilməsi kənd təsərrüfatının çoxfunksiyalı inkişaf modelini əks etdirir. Bu yanaşma yalnız məhsul istehsalı ilə məhdudlaşmır, eyni zamanda maarifləndirici və sosial-iqtisadi dəyər yaradır. Yeniyetmələr üçün mütəmadi ekskursiyaların təşkili azyaşlıların təbiətlə təmas qurmasına, dünyagörüşlərinin artmasına da töhfə verir. “AZERA Holdinq”in bu layihəsi sosial şəbəkələrdə tanınmış blogerlərin və influenserlərin də diqqətindən kənarda qalmayıb. Banan bağlarının qonağı olan məhşurlar istehsal prosesini yerində izləyir, təəssüratlarını izləyiciləri ilə bölüşürlər.
Nəticə etibarilə, yerli banan istehsalı Azərbaycanın aqrar sektorunda innovativ istiqamətlərin formalaşmasına, iqtisadiyyatın şaxələndirilməsinə və idxalı əvəzləmə siyasətinin praktik reallaşdırılmasına xidmət edən perspektivli layihə kimi qiymətləndirilə bilər. “AZERA Holdinq” qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə verən, həmçinin idxal olunan kənd təsərrüfatı mallarına asılılığın aradan qaldırılmasına yönələn və uzunmüddətli dövrləri əhatə edən layihələri daha da genişləndirməyi hədəfləyir.
“AZERA Holdinq”in Biznesin İnkişafı Departamentinin direktoru Elnur Kələntərov








