Azərbaycan poliqon deyil! - İlham Əliyevdən qətiyyətli mesaj

azerbaycan-poliqon-deyil
Oxunma sayı: 1514

“Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır”.

Bu ali mövqeyi Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı ifadə edib. Dövlət başçısı daha sonra bəyan edib:

 “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”.
Yarandığı gündən bəri Yeni Azərbaycan Partiyasının bütün qurultayları Azərbaycanın siyasi həyatında əsas hadisə olub. Partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və daha sonra İlham Əliyevin çıxışları, qurultayın qətnamə və qərarları uzun müddət siyasi gündəmin baş mövzusu olub.

Heç şübhəsiz, YAP-ın VIII Qurultayı da aylarla müzakirə olunacaq.

Ancaq zənnimcə, istər partiyanın, istərsə də bütövlükdə cəmiyyətimizin və dövlətimizin qarşısında dayanan ən mühüm vəzifələrdən birini Prezident İlham Əliyev yuxarıdakı mesajı ilə aydın və konkret ifadə edib.
Odur ki, qarşıdakı günlərdə bu mövzuya dəfələrlə qayıdacağımı bildirərək, isti-siti bəzi mülahizələrimi bölüşmək istəyirəm.

Bəli, bir dövlətin yürütdüyü xarici siyasətdə inamlı və tam müstəqil ola bilməsi üçün öz ideoloji məkanına hakim olması labüddür. Ona görə labüddür ki, dövlətlər xarici siyasət strategiyasını öz milli kimliyi, təhlükəsizlik maraqları və gələcəyə baxış bucağı ilə qurur. Bu baxımdan Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, öz ideoloji bütövlüyünü də qurmalı, qorumalı və hər cür xarici ideoloji təsirdən birdəfəlik xilas olmalıdır.

Azərbaycan cəmiyyəti etnik, dini, tarixi kontekstdə kimlərləsə yaxın, kimlərdənsə uzaq ola bilər. Ancaq nə bu yaxınlıq, nə də uzaqlıq hər hansı ideoloji cərəyanı bizə təlqin etməyə əsas yaratmır. Hər hansı başqa bir dövlətin öz maraqlarına bər-bəzəkli ideoloji don geyindirib Azərbaycan cəmiyyətinə sırıması ideoloji sistemimiz üçün yad ünsürlər kateqoriyasını yaradır. Bu barədə ayrıca danışacağıq. İndi onu deməklə kifayətlənək ki, istənilən yad cərəyanın qarşısında bizim ideoloji suverenliyimizin bütün sütunlarını Azərbaycançılıq ideologiyası yaradır.

Biz Azərbaycanıq!
Biz Azərbaycanlıyıq!
Biz Azərbaycançıyıq!

Azərbaycan olmaq, Azərbaycanlı olmaq, Azərbaycançı olmaq açıq cəmiyyət modelindən, plüralizmdən, müxtəliflikdən imtina etmək deyil, əlbəttə. Lakin açıq cəmiyyət heç bir halda yad təsirlərə açıq ideoloji məkan olmaq, ideoloji poliqon olmaq mənasına gəlməməlidir.

Məsələ budur!

Razıyam ki, Azərbaycan da çağdaş dünyadakı bütün dövlətlər kimi özünə qapanaraq yaşaya bilməz. Odur ki, digər xalqlar və dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələr quracaq, elm və texnologiyanın nailiyyətlərindən bəhrələnəcək, bəşəriyyətin ümumi tərəqqisinə töhfə verəcəyik. Ancaq dövlətimizin bir coğrafi sərhədi olduğu kimi, ideoloji sərhədi də var. Elə bu səbəbdən də Azərbaycan dini, etnik, texnoloji və s müstəvidə özünü “əsas oğlan” elan etmiş heç bir dövlətin ideoloji filialına çevrilmək niyyətində deyil.

Sözümüz budur!

Dünyada nə qədər dövlət varsa, bir-biri ilə əməkdaşlıq qurur, bir-birindən faydalanır. Lakin bu qarşılıqlı fayda minnətə çevriləndə, himayədarlıq statusuna iddia edəndə artıq dövlətlər öz daxili qərarlarında və xarici siyasət strategiyasında başqa paytaxtlara möhtac vəziyyətinə düşür. Azərbaycan ancaq öz paytaxtından idarə oluna bilər.

Mövqeyimiz budur!

Prezident tamamilə haqlıdır: Bizə heç kimin himayədarlığı lazım deyil!

Azərbaycanın xarici siyasət strategiyasını Prezident İlham Əliyev qurur.

İstər hakimiyyətin daxilində, istərsə də cəmiyyətdə hər hansı fiqur və ya kəsim yalnız dövlət başçısına aid olan bu funksiyanı üzərinə götürə bilməz. Əks halda, çox böyük problemlər meydana çıxa, dövlətçiliyimizin əsasları sarsıla bilər. Elə bu səbəbdən də Azərbaycanın xarici siyasət strategiyası və milli ideologiyasının bir-birini tamamlamasını Prezident öz yüksək intellektual potensialı, liderlik keyfiyyətləri və idarəçilik təcrübəsi ilə təqdirə layiq bir şəkildə gerçəkləşdirir.

Bu məqamda mən ilk növbədə bir vətəndaş olaraq Azərbaycanın, Azərbaycanlıların və Azərbaycançılığın çağdaş baş ideoloqu İlham Əliyevə ən səmimi təşəkkürlərimi bildirirəm.

Bəli, Azərbaycanı “Orta güc” dövləti olaraq inkişaf etdirən prezident İlham Əliyevin ideoloji müstəvidə hədəfləri aydın və birmənalıdır. Prezidentin mesajı budur ki, cəmiyyətimizi yad təsirlərdən qorumaq üçün qlobal şəbəkələrin möcvud olduğu bir dünyada ideoloji məkanın qapılarını bağlı saxlamaq çətindir. İlk növbədə öz ideoloji doktrinamızı inkişaf etdirməli və dünyadakı bütün Azərbaycanlılara aşılamalıyıq. Bunun yolu isə, Prezidentin sərrast ifadə etdiyi kimi, formal tədbirlərdən keçmir.

Heç kimə sirr deyil ki, Azərbaycanın ideoloji suverenliyi milli intellektual mühitin dayanıqlığına bağlıdır. Heç bir cəmiyyət ideoloji boşluqda mövcud ola bilməz. “Xalq”, “Dövlət”, “Azadlıq” və digər bu kimi konseptual məfhumları əhatə edən suallara bir cəmiyyətin öz içində formalaşan intellektual cavablar yoxdursa və ya zəifdirsə, boşluğu xarici mərkəzlərin istehsal etdiyi konsepsiyalar dolduracaq. Bunu da dönə-dönə xatırlatmağa, zənnimcə, gərək yoxdur. Müşahidələrimə görə, hazırda Azərbaycanda mübarizə, yumşaq desək, ideya istehlakçıları ilə istehsalçıları arasında gedir. Əslində, dünyadakı ideyaları bilmək və onları öz milli reallığına uyğun şəkildə təhlil etmək intellektual gücdür. İdeoloji asılılıq bu zaman deyil, reallığı başqalarının prizmasından şərh edən anda başlayır. Azərbaycan Prezidenti məhz həmin andan sonrakı ideoloji təlqinlərə müdaxilə etdi və dedi: Bizim öz intellektual tarixi yığımımız, baxış bucağımız və öz platformamız var!

Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının baş redaktoru