“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi hazırda dirçəliş dövrünü yaşayır. Bu gün həmin torpaqlar təkcə yenidən qurulmur, həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirkçılarını qəbul edərkən torpaqlarımızın işğalı dövrü, şanlı zəfərimiz və hazırkı quruculuq və sülh prosesinə dair fikirlərini ifadə edib”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, 30 il ərzində Ermənistan işğal etdiyi torpaqlarımızda hər şeyi məhv edib. Prezidentin dediyi kimi, Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Həmin dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. 27 il ərzində BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməni icra etmədi. AŞPA və Avropa Parlamenti isə tamamilə islamafob və türkəfob təşkilatlardır. 30 il ərzində bu təşkilatlar nəinki Ermənistanın işğalçılıq siyasətini pisləmədilər, əksinə müxtəlif bəhanələrlə Azərbaycana qarşı təzyiqlər göstərir, qərəzli qətnamələr qəbul edirdilər.
Millət vəkili əlavə edib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra isə hər iki qurum ölkəmizə qarşı daha da aqressivləşdi. Dövlət başçısı həmin təşkilatların gerçək üzünü ifşa edib. Prezident haqlı olaraq Avropa Parlamentini rüşvətxorlar yuvası adlandıraraq vurğulayıb: “Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”. Əlbəttə, belə bir vəziyyətdə türk-müsəlman həmrəyliyi güclənməlidir, İslam ölkələrində münaqişələrə son qoyulmalıdır. Cənab Prezidentin bu çağırışı bütün İslam dünyasına bir çağırışdır”.
S.Vəliyev qeyd edib ki, Azərbaycan bütün beynəlxalq təzyiqlərə rəğmən öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılıb. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.
Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün ədalətli beynəlxalq təşəbbüsləri dəstəkləyib. Lakin bu prosesdə tərəflərin heç bir vasitəçi olamadan birbaşa dialoqu müsbət nəticələr verib. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar da bunun göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqaz regionunda dayanıqlı sülh üçün əlverişli mühit mövcuddur. Azərbaycanın prinsipial və sülhpərvər siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib. “Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir. Vaşinqton razılaşmalarından sonra regionda sülh hökm sürür. Qarşılıqlı etimad mühitinin yaradılması üçün praktiki addımlar atılır. Hər iki ölkənin QHT təmsilçilərinin qarşılıqlı səfərləri, Azərbaycan ərazisindən Ermənistana tranzit imkanının yaradılması və s. buna nümunədir.
Böyük Qayıdış proqramı uğurla icra edilir. Qarabağda və Şərqi Zəngəzurda artıq 48 yaşayış məntəqəsində insanlar yaşayır. Bu şəhər və kəndlərdə 90 mindən çox insan yaşayır, işləyir və təhsil alır. “Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, bundan sonra xalqımıza qarşı hansısa məkrli planların baş tutmasına yol verilməyəcək. Müharibə başa çatsa da, sülh prosesi davam etsə də, heç vaxt xalqımıza, dövlətimizə qarşı törədilən cinayətlər unudulmamalıdır. Dövlət başçısının verdiyi mühüm mesajlardan biri də bu idi. Ona görə də, dövlətimiz daim güclənir. Hazırda güc amilinin dünyada hökm sürdüyünü nəzərə alsaq, hər bir vətəndaş müstəqil Azərbaycanın daha da qüdrətlənməsi üçün öz töhfələrini verməlidir”.