Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasının iştirakçıları işğaldan azad edilmiş Zəngilan şəhərinə səfər edərək ərazidə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə şəhərin baş planı, yaşayış məntəqələrinin yenidən qurulması prosesi, eləcə də bölgədə həyata keçirilən infrastruktur layihələri barədə ətraflı məlumat təqdim olunub.
Səfər çərçivəsində qonaqlar Ağalı kəndində icra olunan “Ağıllı kənd” layihəsi ilə də yaxından tanış olublar.
Bildirilib ki, Ağalı kəndi innovativ texnologiyalar və ekoloji yanaşmalar əsasında inşa olunub. Kəndin enerji təminatında alternativ mənbələrdən istifadə edilir. Həkəri çayı üzərində quraşdırılmış hidravlik turbinlər, inzibati binaların damlarında yerləşdirilmiş günəş panelləri və enerji qənaətli sistemlər yaşayış məntəqəsinin dayanıqlı enerji təminatında mühüm rol oynayır.
Kənddə yüksəksürətli internet şəbəkəsi, “ağıllı” müşahidə kameraları, “Wi-Fi” nöqtələri, məlumat lövhələri və avtomatik meteoroloji stansiyalarla təchiz olunmuş işıq dirəkləri quraşdırılıb. Müasir rəqəmsal infrastruktur sakinlərin rahatlığı ilə yanaşı, kəndin idarə olunmasında da səmərəliliyi artırır.
Səfər zamanı nümayəndə heyətinə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin regionun sosial-iqtisadi inkişafına verəcəyi töhfələr barədə də məlumat verilib.
Ziya Əmirxanlı







Son xəbərlər
Son Xəbərlər