Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və universitetin nümayəndə heyəti “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, universitetin nümayəndə heyəti mərkəzdə uşaqlar üçün yaradılan şəraitlə tanış olub, qayğıları ilə maraqlanıb, uşaqların əl işlərindən ibarət sərgini gəziblər.
Mərkəzin direktoru Kəmalə Ağazadə “Azərbaycan Uşaqları” İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin yaranma tarixi və məqsədi, həmçinin mərkəzdə yaşayan uşaqlar barədə geniş məlumat verib.
Çay süfrəsi arxasında davam edən söhbət zamanı Kəmalə Ağazadə uşaqların sosial adaptasiyası, reabilitasiyası və təhsilə inteqrasiyası istiqamətində görülən işlər barədə danışıb, göstərilən diqqətə görə Səadət Əliyevaya və universitet heyətinə təşəkkür edib. Rektor öz növbəsində mərkəzin uşaqlar üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, həssas sosial qruplara mənəvi dəstəyin vacibliyini vurğulayıb.
Sonda tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, Anlaşma Memorandumunun imzalanması ilə əməkdaşlıq rəsmiləşdirilib. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və mərkəzin direktoru Kəmalə Ağazadə imzalayıblar.
Memoranduma əsasən, tərəflər öz resurs və təcrübələrindən istifadə edərək, qarşılıqlı ümumi maraq doğuran sahələrdə əməkdaşlıq edəcəklər.






Son xəbərlər
Son Xəbərlər