Azərbaycan Universitetində millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ilə görüş və “Gənclərə tövsiyələr” kitabının təqdimatı olub.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, prorektor Yusif Qasımov, professor-müəllim heyəti və digər şəxslər iştirak edib.
Universitetin rektoru S. Əliyeva millət vəkilini salamlayaraq, onu yenidən universitetdə görməkdən məmnunluğunu dilə gətirib. O, Ceyhun Məmmədovun bir müddət əvvəl ali məktəb rektoru, indi isə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü kimi Azərbaycan təhsilinə töhfələr verdiyini diqqətə çatdırıb. S. Əliyeva millət vəkilinin müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabını incələdiyini və onun gənclərə doğru istiqamət verəcək dərinlikli və dəyərli tövsiyələrdən ibarət olduğunu da vurğulayıb.
Millət vəkili C. Məmmədovun çıxışı dünyada və bölgədə gedən siyasi proseslər, Azərbaycan üçün son illərin ən böyük uğuru olan ərazi bütövlüyünün və suverenliyin bərpası, Azərbaycanın postmüharibə dövründə üz-üzə qaldığı çağırış, təhdid və təhlükələr, ölkənin sosial-iqtisadi inkişafında gənclərin üzərinə düşən məsuliyyət və gözləntilər mövzusuna həsr olunub. Millət vəkili bu yolda təhsilin və milli-mənəvi dəyərlərə sadiqliyin əhəmiyyətini vurğulayıb və müəllifi olduğu kitabın ərsəyə gəlmə prosesi haqqında məlumat verib.
Qonaq həmçinin Azərbaycan Universitetinin ölkənin ali təhsil məkanında öz dəst-xətti ilə seçildiyini və fəaliyyətini yaxından izlədiyini bildirib. Universitetin son illərdə beynəlxalq reytinqlərdə yer aldığını və irəlilədiyini qeyd edən millət vəkili universitet rəhbərliyini və kollektivini təbrik edib.
Görüşdə tələbələrin millət vəkilinə ünvanladıqları çoxsaylı suallar cavablandırılıb.