“Azərbaycan xalqı öz taleyinin tam sahibidir”

azerbaycan-xalqi-oz-taleyinin-tam-sahibidir
Oxunma sayı: 412

Müasir beynəlxalq münasibətlər sistemi dərin dəyərlər böhranı, kəskin geosiyasi qütbləşmə və institusional aşınma dövrünü yaşayır.

Qlobal nizamın formalaşmış institutlarının iflic vəziyyətinə düşdüyü, beynəlxalq hüququn selektiv tətbiq edildiyi, bəzi hallarda isə ümumiyyətlə tətbiq olunmadığı və suveren dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin adi hala çevrildiyi bir dövrdə xalqların və dövlətlərin varlığı onların daxili mənəvi dayanıqlığından, kollektiv kimlik şüurundan və ontoloji təhlükəsizliyindən birbaşa asılıdır. Hər bir cəmiyyətin həyati gücü onun özünüdərk səviyyəsi, varlıq mənşəyi və tarixi yaddaşını ifadə edən “mən-idrakı” ilə müəyyən olunur.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər beynəlxalq əlaqələr üzrə ekspert Bayram Əliyevin “Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar” məqaləsində yer alıb.

Həmin məqaləni təqdim edirik:

“Kollektiv kimlik sadəcə hüquqi vətəndaşlıq statusu deyil, fərdləri ümumi tale, ortaq dəyərlər və tarixi məsuliyyət ətrafında birləşdirən mənəvi-psixoloji fenomendir. Xarici təzyiqlər, yad mədəni təsirlər və süni şəkildə ixrac edilən ideoloji stereotiplər qarşısında öz köklü mən-idrakını itirən toplumlar daxili yadlaşmaya məruz qalaraq tarixi subyekt statusundan məhrum qalırlar. Belə cəmiyyətlər başqalarının geosiyasi ssenarilərində sadəcə alət və təsir obyekti olurlar. Əksinə, öz ontoloji bünövrəsini qoruyan, daxili həmrəyliyini təmin edən və milli dəyərlərini dövlətçilik təcrübəsi ilə zənginləşdirən cəmiyyətlər zamanın ən çətin sınaqlarından uğurla keçərək dinamik, qurucu və yenilməz tarixi qüvvəyə çevrilirlər.

Müstəqilliyinin bərpasından ötən 35 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolu məhz bu nəzəri həqiqətin ən parlaq təcəssümüdür. Xalqımız milli özünüdərk və kollektiv kimlik birliyi sayəsində tarixi subyekt kimi formalaşaraq regional və qlobal proseslərin fəal iştirakçısına çevrilib.

Azərbaycançılıq ideologiyası milli həmrəyliyin təməli kimi

Hər bir qüdrətli dövlətin təməlində onu ayaqda saxlayan, cəmiyyəti ortaq ideallar ətrafında birləşdirən mənəvi-siyasi sistem dayanır. Azərbaycanın müasir tarixində bu taleyüklü missiyanı Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası yerinə yetirib.

Ulu Öndər Heydər Əliyev təkcə siyasi sabitliyi təmin etmədi, həm də dövlətin xilası üçün zəruri olan fəlsəfi və ideoloji bünövrəni yaratdı. Onun rəhbərliyi ilə Azərbaycançılıq məfkurəsi nəzəri müzakirələr müstəvisindən çıxarılaraq dövlətçilik siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu ideologiyanın mahiyyəti dar etnik və ya dini təcridçilikdə deyil, universal hüquqi prinsiplərə və bərabərhüquqlu vətəndaşlığa əsaslanan kollektiv kimliyin formalaşdırılmasında ifadəsini tapdı.

Ulu Öndər Heydər Əliyev ardıcıl olaraq vurğulayırdı ki, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı xarakteri bizim zəifliyimiz deyil, ən böyük sərvətimiz və mənəvi gücümüzdür. Bu məfkurə qurucu ünsürü xalqımız olan, əsrlər boyu bizim regionda söz sahibi olmuş dövlətlərin birgəyaşayış mədəniyyətinə, XIX-XX əsr maarifçilərimizin intellektual mirasına və 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi təcrübəsinə söykənərək modern dövlətçilik tələbləri ilə üzvi şəkildə sintez olundu. Beləliklə, Azərbaycançılıq milli həmrəyliyin təminatı olmaqla yanaşı, həm də parçalanmış ictimai şüuru bütövləşdirən möhtəşəm kollektiv kimlik sistemi kimi tariximizə həkk edildi.

Azərbaycan qlobal dialoq və əməkdaşlıq məkanı kimi

Otuz beş il ərzində Azərbaycan təkcə öz dövlətçiliyini möhkəmləndirmədi, həm də iqtisadi və siyasi müstəqilliyin möhtəşəm modelini formalaşdırdı. Enerji təhlükəsizliyinin qarantı olan nəhəng transmilli kəmərlər, Avrasiyanın nəqliyyat arteriyası olan Orta Dəhliz marşrutu, yaşıl enerji keçidi və azad edilmiş torpaqların sürətli dirçəlişi bu qüdrətin maddi göstəriciləridir. Lakin Azərbaycanın ən böyük strateji üstünlüyü onun sivilizasiyalararası körpü rolunda çıxış edərək qlobal dialoq və əməkdaşlıq məkanına çevrilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Dialoq Forumları fərqli sivilizasiyaların qarşıdurması tezisinə qarşı çıxaraq mədəniyyətlərin qarşılıqlı zənginləşməsi və birgəyaşayışı modelini dünyaya təqdim edib.

Dövlətimizin beynəlxalq nüfuzu və qlobal miqyasda qazandığı yüksək reputasiya mötəbər beynəlxalq platformalarda aydın görünür. Ölkəmizdə nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün təkcə ən müasir infrastruktur deyil, ən əsası, dərin siyasi zəmin, müstəqil xarici siyasət xətti və yüksək beynəlxalq etimad mövcuddur.

Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu və Prezident İlham Əliyevin qələbələrlə zirvəyə ucaltdığı Azərbaycançılıq ideologiyası bir ölkənin milli həmrəylik doktrinası olmağın fövqündə sivilizasiyaların özünüdərkinə və qarşılıqlı hörmətinə əsaslanan ədalətli birgəyaşayış manifestidir. Kollektiv kimlik və milli özünüdərk nəzəriyyələrinin təsdiq etdiyi kimi, öz daxili varlıq şüurunu və mədəni köklərini qoruyan xalqlar zamanın ən böyük geosiyasi qasırğalarından güclənərək çıxırlar.

Azərbaycan xalqı öz tarixi yaddaşını, milli mənliyini və dövlətçilik ənənələrini qoruyaraq öz taleyinin tam sahibidir. Daxildə sarsılmaz birlik və multikultural vətəndaşlıq birliyi, xaricdə isə milli maraqlara və beynəlxalq hüquqa söykənən prinsipial siyasət Azərbaycanı qlobal qeyri-müəyyənliklər burulğanında sabitlik, ədalət və inkişaf mayakına çevirib. Öz kökünə, milli özünüdərkinə və suverenliyinə dərindən bağlı olan Azərbaycan dövləti yeni geosiyasi reallıqlar şəraitində öz müstəqil inkişaf yolu ilə inamla irəliləməkdə davam edəcək”.