Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında informasiya hücumları ilə yanaşı, konstitusiya quruluşunun devrilməsi, dini düşmənçiliyin yayılması, dini ekstremizə çağırışların edilməsi, həmçinin, dövlət başçısının təhqir edilməsi kimi birbaşa hüquqi məsuliyyət daşıyan əməllərə də yol verilib.
Bu əməlləri törədən şəxslərlə bağlı Azərbaycanda Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri üzrə cinayət işi açılıb.
Baş Prokurorluq tərəfindən istintaqın başlanmasından sonra belə iddialar ortaya atılır ki, guya Azərbaycan Türkiyədə kimlərinsə həbs edilməsini tələb edir. Halbuki, ortada hüquqi məsuliyyət daşıyan əməllər var və Azərbaycan “Türkiyədə kimlərinsə həbs edilməsi tələbindən” yox, qanunvericliyin tələbindən çıxış edir. Bu şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsinin zərurətini təkcə Azərbaycanın yox, Türkiyə qanunvericiliyi də yaradır.
Azərbaycana qarşı hakimiyətin ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi çağırışlarını, dini düşmənçiliyin salınması, dini ekstremizm fəaliyyətinin təşviq edilməsi və dövlət başçısının təhqir olunması əməllərinin məsuliyyətini Türkiyə qanunvericiliyində araşdıranda buna əmlinlik yaranır.
Türkiyə Respublikasının 5237 saylı Cinayət Məcəlləsinin (Türk Cəza Qanununun - TCQ) 340-cı maddəsi xarici dövlət başçısına qarşı törədilən cinayətin cəzalandırılmasını nəzərdə tutur. Maddənin birinci hissəsində xarici dövlətlərdən birinin başçısına qarşı cinayət törədən şəxsə veriləcək cəzanın 1/8 nisbətində artırılması, ikinci hissəsi isə törədilən cinayət əməli üzrə cəzanın zərərçəkmişin, yəni xarici dövlətin şikayətinə əsasən müəyyənləşməsini nəzərdə tutur.
Xarici dövlət başçısının təhqir edilməsi ilə bağlı bu maddədə birbaşa cəza nəzərdə tutulmasa da, şikayətə görə hüquqi yanaşma dəyişə bilər. Maddənin ikinci hissəsinə əsasən, xarici dövlətlərdən birinin başçısına qarşı təhqir kimi əməllərin törədilməsi xarici dövlətin şikayəti ilə cinayət tətbiqinə əsas yarada bilər.
Bununla yanaşı, internet resruslarında aparılan təbliğatla bağlı nəzərdə tutulan cəzalar da xarici dövlət başçısının təhqir edilməsi zamanı tətbiq olunur.
Burada hüquqi istinad TCQ-nin 125-ci maddəsidir. Təhqir cinayətinin əks olunduğu bu maddə şəxsin şərəf və ləyaqətinə, ictimai nüfuzuna xələl gətirən ifadələrə, eləcə də konkret faktlara görə məsuliyyəti müəyyənləşdirir. Bu əməlləri törədən şəxslər ya 3 aydan 2 ilə qədər həbs, yaxud pul cəzası ilə cəzalandırılır.
Türkiyədə bir şəxsin xarici ölkələrin birinin başçısını təhqir etməsi TCQ-nin 125-ci maddəsinə uyğun məsuliyyət yaradır. Əgər birbaşa cinayət törədilibsə, o zaman, 340-cı maddə ilə cəzanın artırılması tətbiq olunur. Yəni 340-cı maddə - xarici dövlət başçısına qarşı cinayət əməlinin törədilməsi ilə 125-ci maddə - təhqir cinayəti eyni işdə araşdırıla bilər.
Azərbaycana qarşı sosial şəbəkələrdə və mətbuat resurslarında hüquqi məsuliyyət yaradan çağırışların müəlliflərinin cəzalandırılmasına TCQ-nin 218-ci (mətbuat və kütləvi informasiya vasitələri ilə törədilən bəzi cinayətlərə görə cəzanın artırılması) maddəsi də hüquqi əsas yaradır. Bu maddə sosial şəbəkələrdəki yayımları da əhatə edir. Bura TCQ-nin 214-cü (cinayət törətməyə açıq çağırış) və 216-cı (xalqın bir hissəsini nifrət və düşmənçiliyə təhrik etmək) maddələrini də əlavə edə bilərik. Bu maddələr Türkiyəyə aid edilsə də, xarici ölkələrdə xüsusilə xalqın bir hissəsini nifrət və düşümənçiliyə təhrik etmək, eləcə də cinayət törətməyə çağırışların araşdırılması zamanı nəzərdə keçirilə bilər.
Beləliklə, TCQ-nin üç (125, 2018, 340) maddəsi birbaşa, iki (2014, 2016) maddəsi dolayısı ilə Azərbaycana qarşı hüquqi məsuliyyət yaradan çağırışları edənlərin cəzalandırılmasını tələb edir. Bununla yanaşı, TCQ-nin xarici dövlətlərlə münasibətlərə qarşı cinayətlərlə bağlı müddəaların tətbiqində qarşılıqlılıq prinsipini nəzərdə tutan 343-cü maddəsi də bu tələbi yaradır.
Bütün bunlar göstərir ki, Azərbaycana qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması iddia edildiyi kimi, Bakının yox, Türkiyə Cinayət Məcəlləsində tələbidir. Türkiyə dövləti də öz qanunvericliyinin tələblərini icra etməlidir.
Aslan Vəliyev