Azərbaycançılıq ideyası milli birliyimizin əsas dayağıdır

azerbaycanciliq-ideyasi-milli-birliyimizin-esas-dayagidir
Oxunma sayı: 230

Hər bir cəmiyyətin milli həmrəyliyini təmin edən, onu ümumi məqsəd ətrafında birləşdirən ideyaya ehtiyacı var. Azərbaycan xalqı üçün bu birləşdirici ideya azərbaycançılıq məfkurəsidir. Bu ideya milli dövlətçilik ruhunu, vətənpərvərlik düşüncəsini, milli-mənəvi dəyərləri və müasir inkişaf prinsiplərini özündə ehtiva edir.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqı azadlıq və milli müstəqillik ideyası ətrafında birləşərək mübarizə aparıb. Müstəqillik əldə edildikdən sonra isə cəmiyyətin yeni milli ideya ətrafında birləşdirilməsinə ciddi ehtiyac yaranıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqın dövlətçilik, müstəqillik və milli həmrəylik prinsipləri ətrafında səfərbər olunması istiqamətində mühüm addımlar atılıb.

Musa Quliyev xatırladıb ki, azərbaycançılıq ideyasının əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid amal ətrafında birləşdirmək, onların Azərbaycan dövlətinə və milli maraqlara bağlılığını gücləndirmək olub. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi də bu ideyanın beynəlxalq miqyasda yayılmasına, diaspor təşkilatlarının formalaşmasına və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verib.

O vurğulayıb ki, hazırda azərbaycançılıq ideyası Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə inkişaf etdirilir. Bu ideyanın mahiyyətində milli dövlətçilik, vətəndaşlıq, vətənpərvərlik, tarixilik və müasirlik prinsipləri dayanır. Eyni zamanda, milli-mənəvi dəyərlərimiz - dilimiz, dinimiz, mədəniyyətimiz, tarixi irsimiz və ənənələrimiz azərbaycançılıq məfkurəsinin əsas dayaqlarındandır.

Milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq miqyasda təbliğində Heydər Əliyev Fondunun, Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Fondun təşəbbüsü ilə Azərbaycanın musiqi, incəsənət və mədəni irsinin dünyada tanıdılması, milli sənət nümunələrinin UNESCO səviyyəsində qorunması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilib.

M.Quliyev qeyd edib ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması dövründə tarixi və mədəni irsimizə ciddi ziyan vurulub, məscidlər, muzeylər və tarixi abidələr dağıdılıb. Buna baxmayaraq, Azərbaycan öz milli irsinin qorunması və dünyaya tanıdılması istiqamətində fəaliyyətini davam etdirib.

Ərazilərimizin işğaldan azad edilməsindən sonra tarixi-mədəni abidələrin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Şuşanın Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq mədəni-humanitar tədbirlərin təşkili milli irsimizin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat diqqətə çatdırıb ki, azərbaycançılıq ideyası dini baxışından, milli mənsubiyyətindən və harada yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətini, bayrağını və Vətənini müqəddəs hesab edən bütün insanları birləşdirir.

“Azərbaycançılıq ideyası bizi birləşdirən, dünyaya güclü xalq və millət kimi təqdim edən mühüm dəyərdir. Bu ideyanın qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur”, – deyə Musa Quliyev bildirib.