“Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar” - Ayxan Abbasov

azerbaycanda-idarelerde-de-oz-dilimizde-danismirlar
Oxunma sayı: 964

“Millidə oynayan futbolçuların qiyməti həmişə yüksək olur. Bu, dünyada belədir. Hər kəs istəyir ki, millidə oynasın, milli karyerası yüksək olsun. Çünki adi futbolçu ilə millinin futbolçusu arasında bütün dünyada fərq var”.

“Qafqazinfo” Sportify.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov komandada əcnəbi futbolçuların çıxışına münasibət bildirərkən deyib.

45 yaşlı mütəxəssisin sözlərinə görə, Litva ilə səfərdəki UEFA Millətlər Liqasının oyunu zamanı millinin kapitanı olmuş Bədavi Hüseynovun da bu məsələdə xüsusi yanaşmaya layiqdir. Baş məşqçi bildirib ki, Hüseynov başqa millətdən olsa da, Azərbaycanda böyüyüb və uzun illərdir ölkə futboluna xidmət edir: “Ola bilər ki, Bədavi başqa millətdəndir. Amma o, demək olar ki, Azərbaycanda böyüyüb. Biz nəyin əleyhinə idik? Onun əleyhinə idik ki, millimizdə Andre Ladaqa, Yuri Muzıka kimi əcnəbilər oynayırdılar və azərbaycanlı futbolçular ola-ola onların qarşısını kəsirdilər. Amma biz bu gün bunu etmirik. Bədavi bu yaşda meydanda, demək olar ki, canını qoyur. Bu səbəbdən, biz ona, onun karyerasına hörmət olaraq, kapitanlığı verdik”.

Abbasov bununla yanaşı, Hüseynovun Azərbaycan dilində danışmamasının onun komandadakı liderliyini şübhə altına almaq üçün əsas olmadığını bildirib. O, futbolçunun paltardəyişmə otağında komanda yoldaşları ilə ünsiyyətində problem yaşanmadığını vurğulayıb: “Azərbaycan dilində bilmirsə, o demək deyil ki, komandada lider deyil, danışmağı bacarmır. Bunların hamısı çox böyük söhbətlərdir. Gələcəkdə istərdik ki, millidə bütün yetirmələrimiz olsun, Avropada yaşayan azərbaycanlılar da milli komandamıza gəlsinlər”.

Baş məşqçi bu mövzuda İspaniya və Belçika kimi milli komandaları nümunə göstərərək, yığmalarda futbolçuların mənşəyi və danışdığı dil məsələsinə daha geniş prizmadan yanaşmağın lazım olduğunu deyib: “Gəlin, böyük komandalara baxaq: Dünya çempionu İspaniya millisindəki futbolçuların hamısı ispandır? Belçika yığmasındakılar hansı dildə danışırlar? Bu gün hamı ingilis dilində danışır. Dərinə getsək, ölkəmizdə idarələrdə Azərbaycan dilində danışmırlar. İngilis və rusca danışırlar. Yəni, bu, böyük söhbətdir. Biz gəlib deyək ki, azərbaycanca danışmalısan?! Bir kafeyə girirsən, 100 nəfərdən 3-ü azərbaycanca danışa bilir”.

Abbasov Azərbaycan dilinin milli komandada əsas ünsiyyət vasitələrindən biri olmasını istədiyini də gizlətməyib. O bildirib ki, özü futbolçularla Azərbaycan dilində danışır və yığmada çıxış edən legioner statuslu oyunçuların da dili öyrənməsi üçün proses gedir: “Əlbəttə, mən də istəyirəm ki, azərbaycanca danışsınlar. Özüm futbolçularımızla azərbaycanca danışıram. Hamı da öyrənməlidir. Bu gün qapıçı Şahrudin Məhəmmədəliyev də öyrənir, Bədavi Hüseynov da məni başa düşür. Paltardəyişmə otağımızda tərcüməçiyə ehtiyac yoxdur, hamı azərbaycanca başa düşür və Azərbaycan sözlərini çox yaxşı qəbul edirlər”.

Sonda millinin baş məşqçisi səsləndirilən iradların müəyyən hissəsində həqiqət olduğunu qəbul edib. Bununla belə, o, milli komandada vətənpərvərlik amilinin vacibliyi ilə yanaşı, futbola xas bəzi prinsiplərin də nəzərə alınmasının zəruri olduğunu söyləyib: “Dediklərinizdə həqiqətlər var idi, məsələ yaxşılığa doğru gedir. Vətənimizi sevməli, hamımız patriot olmalıyıq. Amma futbolda bəzi şeylər var ki, onlar vazkeçilməzdir”.

Ayxan Abbasovun bu açıqlamaları birmənalı qarşılanmayıb və geniş müzakirəyə səbəb olub. 

Qeyd edək ki, Azərbaycan millisi Litva ilə səfər matçını 1:1 hesablı heç-heçə ilə başa vurub.