Azərbaycanda metabolik xəstəliklərin müalicəsində ilkə imza atıldı - Video

azerbaycanda-metabolik-xesteliklerin-mualicesinde-ilke-imza-atildi
Oxunma sayı: 357

“Referans Medical Group” daxilində fəaliyyət göstərən Metabolik Xəstəliklər Mərkəzinin rəhbəri, uşaq metabolik xəstəlikləri üzrə mütəxəssis, pediatr Dr. Ləman Əlirzayevanın rəhbərliyi ilə Hunter sindromu (MPS II) diaqnozu olan 8 yaşlı uşağa ilk dəfə olaraq qan-beyin baryerini keçən KLOTILIA (verenafusp alfa) preparatı tətbiq edilib. 

“Qafqazinfo” xəbər verir ki, müalicənin ilk mərhələsi “Leyla Medical Center” də uğurla həyata keçirilib.

Bu innovativ müalicə preparatın istehsalçı şirkətinin dəstəyi ilə Azərbaycana gətirilib və uşaq üçün tam ödənişsiz şəkildə həyata keçirilib. Bu təşəbbüs nadir metabolik xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün müasir müalicə imkanlarının ölkəmizdə əlçatanlaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Hunter sindromu irsi metabolik xəstəlikdir və orqanizmdə müəyyən fermentin çatışmazlığı nəticəsində yaranır. Xəstəlik zamanla müxtəlif orqanlara, eləcə də mərkəzi sinir sisteminə təsir göstərir. Bu səbəbdən xəstələrin vaxtında və düzgün müalicə alması onların həyat keyfiyyəti və gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

İndiyədək istifadə olunan enzim əvəzedici terapiyalar əsasən daxili orqanlara təsir göstərsə də, qan-beyin baryerini keçə bilmədiyi üçün mərkəzi sinir sistemində yaranan zədələnmələrin müalicəsində məhdud imkanlara malik idi. İlk dəfə tətbiq olunan KLOTILIA (verenafusp alfa) preparatı isə qan-beyin baryerini keçərək beyinə çata bilən innovativ müalicə üsullarından biridir.

Preparat 2023-cü ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib. İstehsalçı şirkətin dəstəyi ilə Azərbaycanda tətbiq olunan bu müalicə metabolik xəstəliklərin müalicəsində yeni imkanların yaranması baxımından mühüm addım hesab olunur.

Dr. Ləman Əlirzayevanın sözlərinə görə, əsas məqsəd dünyada effektivliyi sübut olunmuş müasir müalicə üsullarını Azərbaycanda əlçatan etmək və metabolik xəstəliklərdən əziyyət çəkən uşaqların öz ölkəsində yüksək səviyyəli tibbi xidmət almasına şərait yaratmaqdır.

Qeyd edək ki, bu hadisə təkcə bir uşağın müalicəsinin başlanğıcı deyil, eyni zamanda Azərbaycanda metabolik xəstəliklərin müalicəsində yeni imkanların yarandığını göstərən mühüm addımdır.