“Bu günə qədər cənab Prezidentin tapşırığıyla bir sıra yeni cəzaçəkmə müəssisələri tikilib və bu proses davam etməkdədir. Sizinlə tam razıyam ki, sadaladığım məsələlərin həlli üçün, hətta sağlam peşə təhsili infrastrukturunun qurulması üçün bütövlükdə cəzaçəkmə infrastrukturunun sağlam olması lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report” və İTV-yə birgə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə də hazırda bir sıra tədbirlər həyata keçirilir.
“Cənab Prezidentin tapşırığı ilə artıq yeni cəzaçəkmə müəssisələri tikilir. Bu layihələr mövcud infrastrukturun yenilənməsinə xidmət edir.
Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlamışıq. Eyni zamanda Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsilərini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub”, - deyə nazir əlavə edib.
Son xəbərlər
Son Xəbərlər