Dünən sosial şəbəkələrin müxtəlif platformalarında Azərbaycanda tətbiq edilən vahid məktəbli forması standartlarına reaksiyalarla tanış oldum. Sosioloji müstəvidə çox aydın şəkildə nəzərə çarpan gerçəklik budur ki, cəmiyyətimizin ən müxtəlif kəsimləri, o cümlədən Azərbaycanın maraqlarını hər şeydən uca tutan, dövlətçilik şüuruna malik inanclı insanlar da Nazirlər Kabinetinin müvafiq qərarını dəstəkləyirlər.
Sözün açığı, illərdir informasiya ilə, xəbərlə işləyən bir insan kimi, Nazirlər Kabinetinin başqa hər hansı qərarına bu qədər böyük və birmənalı dəstək seli müşahidə etməmişəm. Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri olan sekulyarlıq prinsipinə cəmiyyətimizin ən yüksək səviyyədə bağlılıq nümayiş etdirməsi, əlbəttə, qürurvericidir. Demək ki, İranın, Səudiyyə Ərəbistanının, Türkiyənin Azərbaycan cəmiyyətinə böyük pullar xərcləyərək ixrac etdiyi qeyri-ənənəvi dini cərəyanlar, formalaşdırılan “5-ci kolon”lar xalqımızın öz dünyagörüşünə, müstəqilliyinə və tərəqqi modelinə sahib çıxması qarşısında böyük ölçüdə marginallaşıbmış.
Bununla belə, məktəblərdə vahid məktəbli formasının tətbiqini “hicab qadağası” narrativinə çevirmək, nəticədə cəmiyyətdə çaşqınlıq yaratmaq, pərxaşlıq törətmək, dövlətin heç bir halda insan hüquq və azadlıqlarını pozmayan, tam əksinə, fərdi inkişaf haqqını, bərabərlik və təhsil hüququnu dəstəkləyən qərarını sabotaj etmək istəyənlər də hərəkətə keçib.
Onlardan birincisi, xaricdə müxtəlif kənar güclərin təsiri altında illərdir Azərbaycan dövlətinə qarşı ideoloji təxribatlar törədən, amma cəmiyyətimizdə heç bir qarşılığı olmayan, maskaları cırılmış tiplərdir.
İllərdir “bir payız axşamı”nı gözləyənlər öz tipik qaragüruhçu çağırışları ilə vətənə, dövlətə, konstitusiyaya qarşı trolluq edirlər.
Fəqət hazırkı situasiyada ciddiyə alınacaq kontingent deyillər.
İkinci və daha “maraqlı” bir kəsim ucuz populistlərdir. Əsasən ölkənin daxilindədirlər və Süni İntellekt alətlərindən istifadə etməklə guya balanslı mövqe nümayiş etdirirlər. Son dərəcə savadsız, son dərəcə primitiv bir şəkildə Nazirlər Kabinetinin qərarında Konstitusiyaya, qanunlara zidd məqamlar axtarır, yaxud heç buna da cəhd etmədən duyğu sümürməyə həvəslənirlər.
Bu seqmentdə siyasi iddiası potensialını qat-qat üstələyənlər də var, peşəkar hüquqşünas olduqları halda, dini təzahürat elementlərinin məhdudlaşdırılmasının vicdan azadlığını pozmadığını qəsdən anlamaq istəməyən, yaxud AİHM-nin “Leyla Şahin Türkiyəyə qarşı” işini görməzlikdən gələnlər də. AİHM-nin həmin qərarı birmənalı şəkildə təsdiq edir ki, bir sekulyar cəmiyyətdə dövlətin təhsil sistemində geyim standartları müəyyənləşdirmək səlahiyyəti var və bu yöndə addımlar insan hüquq və azadlıqlarını pozmur. Açığı, tutduqları səhv və məsuliyyətsiz mövqeyə rəğmən, onlar da ictimai münasibətlər sistemi üçün elə bir təhlükə yaratmırlar.
Üçüncü və daha sistemli bir qrup Səudiyyə Ərəbistanından ixrac olunan dini cərəyanın nümayəndələridir. Panik vəziyyətdə olsalar da, dövlətə qarşı açıq təhdidlərlə çıxış etmirlər. Ehtiyyatlı mövqe sərgiləyirlər və onları prosesin önünə çəkmək istəyənlərin küyünə getmirlər. Doğrusu, bu seqment heç bir halda və situasiyada cəmiyyətin ümumi rəğbətini qazana bilməz. Ona görə də daha çox alt qatlardakı fəaliyyətləri nəzarətdə saxlanılmalıdır. Əminəm ki, müvafiq qurumlar bu nəzarəti mükəmməl bir şəkildə həyata keçirir.
Azərbaycanda illər öncə aparılmış “hicaba azadlıq” kampaniyasının əsas təşkilatçısı İran və İranın təsir agentləri idi.
Hətta bəziləri təsir agenti yox, elə birbaşa agent idi və dövlətə xəyanət maddəsi ilə həbs edildilər. İran ABŞ ilə savaşda ciddi məğlubiyyətlə üz-üzədir və mərkəzi idarəçilik sistemi kimi, ideoloji aparatı da böhran içindədir. Üstəlik, ABŞ ilə müharibə boyunca bütün resurslarını işə salsa da, Azərbaycanda ictimai dəstək qazana bilmədi.
İranpərəst qrupların “məktəblərdə hicab naləsi” əks-effekt verir.
Düzdür, onlar öz propoqandasında bəzi həssas qrup nümayəndələrinin adından istifadə etməyə də çalışırlar. Lakin Azərbaycanı İranın gününə salmaq və gönünə calamaq niyyətləri zaman-zaman ifşa olunduğundan bütün cəhdləri puç olur. Ötən əsrin əvvəllərində maarifçilik dinamikası ilə meydana çıxmış Azərbaycan Respublikasının müasir ictimaiyyətinin İranın əyalət mollalarının tarixi prototipi olan Şeyx Nəsrullah obrazlarının arxasınca düşəcəyini gözləmək yersizdir.
Bu gün Azərbaycanın sekulyarlıq fəlsəfəsi və ideoloji məkanı, çox təəssüflər olsun ki, Türkiyədən daha çox təhdid edilir. Söhbət təkcə “Yeni Akit” adlı İstanbulda nəşr olunan bir qəzetin cızma-qaralarından getmir. Aydın məsələdir ki, bir qardaş ölkə olaraq Azərbaycanda Türkiyəyə dərin sevgi və sayğı var.
Azərbaycan xalqının çoxluğunu təşkil edən türk etnik kimliyini və bu kimlikdən doğan simpatiyanı istismar etməklə yanaşı, Türkiyə öz neo-imperial maraqlarını həm də dini-məzhəbçi doktrinalar üzərindən təmin etməyə çalışır. Dini kimliyin Türkiyədə milli kimlikdən önə çıxmasının fəsadlarını öz içlərində də kifayət qədər aydın görürlər, Azərbaycanda da, başqa Türk Cümhuriyyətlərində də.
Fəqət Orta Çağ və Orta Şərq bataqlığına sürüklənmiş Türkiyə Azərbaycanı da özünə “yoldaş” etmək istəyir. 1920-ci ildə Azərbaycanın istiqlal ideyasını “saxta” elan edərək AXC hökumətini ingilislərə xidmət etməkdə suçlayan zehniyyət bu gün xorla və o xora Azərbaycan mənşəli bir-iki merkantil psevdo-türkçü/islamçı da qoşaraq dövlət müstəqilliyini qırmızı cizgi elan etmiş rəsmi Bakını sionizmdə ittiham edir. Bəli, biz bir millət, amma iki dövlətik. Hər iki respublikanın quruluş fəlsəfəsi sekulyarlıqdır. Deməli, Azərbaycan və Türkiyənin qardaşlığına və yoldaşlığına çalışanlar da elə bizik- sekulyarlar! O Saxta Turançılar isə nəhayət dərk etməlidirlər ki, Azərbaycana da, Türkiyəyə ən böyük düşmənçilik hicabı, niqabı, çadranı bir-birinə starateji ehtiyacı olan iki müttəfiq dövlətin ideoloji atributuna çevirməkdir.
Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev YAP-ın son qurultayındakı konseptual çıxışında belə bir cümlə işlətmişdi:
“Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək”.
Bəli, Azərbaycan istər türk, istərsə də islam dünyasına öz cazibə modelini, tərəqqi modelini təqdim edir. Bu günlərdə verilən qərarın tarixi nəticələrindən təkcə İlham Əliyevin liderliyi ilə Orta Güc dövlətinə çevrilən Azərbaycan deyil, bütün coğrafiyamız və planetimiz bəhrələnəcək. 1918-ci ildə türk və islam aləmində yaratdığımız ilk respublika modeli ilə siyasi qədərləri necə dəyişdiksə, indi eyni cəsarətlə atdığımız addımlar da çox qısa müddətdə Azərbaycanın tarixi uğur hekayəsinə çevriləcək.
Azərbaycan nə Əliheydər Qarayevlərin, nə də Qara bəy Qarabəyovun yolu ilə gedə bilər.
Yolumuz da ağdır, üzümüz də!
Taleh Şahsuvarlı