“Azərbaycanın investisiya strategiyası yalnız kapital cəlb etməklə məhdudlaşmır” - “Euronews”

azerbaycanin-investisiya-strategiyasi-yalniz-kapital-celb-etmekle-mehdudlasmir
Oxunma sayı: 253

“Euronews” II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə material hazırlayıb.

“Qafqazinfo” APA-ya istinadən həmin materialı təqdim edir.

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın ən böyük investisiya menecerlərindən bəzilərinin iştirakı ilə infrastruktur və texnologiyadan tutmuş enerji və nəqliyyata qədər müxtəlif sahələri əhatə edən, ümumi dəyəri təxminən 11 milyard dollar (9,7 milyard avro) olan müqavilələr imzalanıb.

Bu həftə paytaxt Bakı şəhərində keçirilən ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF) son gününə daxil olarkən, Azərbaycan iqtisadi siyasətində milyardlarla dollarlıq potensial investisiyaları əsas istiqamətlərdən biri kimi ön plana çıxarıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Euronews”-a bildirib ki, iki günlük tədbir ərzində ümumi dəyəri təxminən 11 milyard dollar (9,7 milyard avro) olan biznes razılaşmaları əldə edilib.

“Bu gün təsdiqlənmiş məbləğ 10,8 milyard dollardır. Süni intellektdən enerjiyə, istehsaldan sənayeyə qədər müxtəlif sahələrdə 26 müqavilə imzalanıb”, - Cabbarov bildirib və əlavə edib ki, yeni imkanlar xaricdən də yarana bilər.

“Biz imkanlara yalnız coğrafi sərhədlərimiz daxilində deyil, həm də tərəfdaşlıqlar vasitəsilə baxmağa meylliyik”, - deyə o bildirib.

“Bu da həm dövlət, həm də özəl sektora aid Azərbaycan şirkətlərinin yaxın bazarlarda, eləcə də coğrafi baxımdan bizdən uzaq olan ABŞ və İtaliya kimi, lakin iqtisadi baxımdan sıx əlaqələrimizin olduğu bazarlarda artan görünürlüğünü izah edir”.

Vəsaitlərin cəlb edilməsi

Bu il keçirilən forum çərçivəsində təqdim olunan məlumata görə, əsas diqqət Azərbaycanın beynəlxalq marağın artmasını iqtisadiyyatın getdikcə daha çox şaxələnən sahələrinə yönəldilən real investisiyalara çevirib-çevirə bilməyəcəyinə yönəlib.

Yeni investisiya göstəricisi 2025-ci ildə keçirilən ilk forum zamanı 10 milyard dollardan (təxminən 8,8 milyard avro) çox investisiya sazişinin imzalanmasından sonra açıqlanıb. Həmin məbləğin 7 milyard dollardan (təxminən 6,2 milyard avro) çoxu qeyri-neft sektoruna aid olub.

2026-cı il tədbirində AIIF və Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu çərçivəsində təmsil olunan şirkətlər ümumilikdə 30 trilyon dollar (təxminən 26,4 trilyon avro) həcmində aktivləri idarə ediblər. Bu barədə SOFAZ məlumat yayıb.

Onların arasında investisiya sahəsində ən böyük adlardan bəziləri – BlackRock, Global Infrastructure Partners və Brookfield Asset Management də olub.

Sazişlərin geniş spektri Azərbaycan üçün daha böyük iqtisadi çağırışı əks etdirir: ölkənin iqtisadi inkişafının böyük hissəsini təmin edən neft və qaz sənayesindən kənarda beynəlxalq kapitalın cəlb edilməsi.

Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib ki, 2025-ci ildə qeyri-neft sektoru ÜDM-in 72 faizini təşkil edib, 2020-ci ildən etibarən real qeyri-neft ÜDM-in illik artımı isə orta hesabla 5 faiz olub.

O bildirib ki, Azərbaycanın investisiya strategiyası yalnız kapital cəlb etməklə məhdudlaşmır və investisiya imkanları arasında istehsal, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və infrastrukturu qeyd edib.

Lakin prezident enerji sektoruna investisiyaların hələ də üstünlük təşkil etdiyini vurğulayıb.

“30 il əvvəl neft-qaz sektorunun inkişafına gətirib çıxaran müqavilələr hələ də tamamilə toxunulmaz olaraq qalır – bircə söz belə dəyişdirilməyib – və bu, investorları cəlb edən amillərdən biri olub”, - deyə o, şənbə günü AIIF çərçivəsində qapalı sessiyada iştirakçılara bildirib.

“Beləliklə, biz artıq çox məsuliyyətli tərəfdaş olduğumuzu göstərən kifayət qədər etibarlı portfelə sahibik”, - deyə o əlavə edib.

İnvestorlar infrastruktura diqqət yetirir

İnvestisiya təşəbbüsləri Azərbaycanın suveren sərvət fondu - Azərbaycan Respublikası Dövlət Neft Fondu və “BlackRock” tərəfindən təşkil olunan qapalı tədbir – Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu ilə yeni mərhələyə keçir.

“BlackRock”-un bu ilin iyul ayında yayımladığı rəsmi hesabata görə, şirkət 15,3 trilyon dollar (təxminən 13,5 trilyon avro) həcmində aktivləri idarə edir. 2024-cü ildən “BlackRock”-un tərkibində fəaliyyət göstərən GIP isə təxminən 170 milyard dollar (təxminən 149,6 milyard avro) həcmində aktivləri idarə edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin ilk altı ayında iqtisadiyyata cəlb edilmiş birbaşa xarici investisiyaların ümumi həcmi 3 milyard dollardan çox olub ki, bu da illik müqayisədə 13,8 faiz artım deməkdir.

Mərkəzi Bank həmçinin bildirir ki, Azərbaycana investisiya yatıran aparıcı ölkələr Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İrandır.

Eyni dövrdə Azərbaycanın xarici iqtisadiyyatlara aktiv şəkildə yatırdığı kapitalın həcmi 5 milyard dollardan (4 milyard avrodan) çox olub. Əsas istiqamətlər İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandır.

İnvestisiya uğurunun sirri

Azərbaycanın biznes dairələrində ölkənin beynəlxalq mövqeyinin güclənməsinə açıq şəkildə töhfə verən nüfuzlu iş adamları da var.

Dünyanın müxtəlif ölkələrində çoxsaylı sahələrə investisiya yatıran diversifikasiya edilmiş investisiya holdinqi olan “Sabah Investment Group”-un təsisçisi və İdarə Heyətinin sədri “Euronews”-a bildirib ki, marketinq istiqamətində görülən işlər əsas fərqlərdən birini yaradıb.

Orxan Mustafayev deyib ki, ölkə bu səylərin nəticələrini tədricən görməyə başlayır və “Sea Breeze” kimi layihələr gündəmi müəyyənləşdirir.

“İldən-ilə xaricdəki alıcılar və müştərilər üçün satışlar... 20 faiz artır”.

O əlavə edib: “Hazırda bütün satış portfelində əvvəllər 95 faiz yerli idisə, indi 70 faiz yerli, 30 faiz beynəlxalqdır”.

O hesab edir ki, özəl sektorla dövlət arasında tərəfdaşlıqlar, eləcə də dünyanın müxtəlif yerlərində keçirilən təqdimatlar və road-şoular yaxşı nəticə verir. O bildirib ki, nisbətən kiçik həcmli investisiyalar edən şəxslər artıq 40-50 faizə qədər gəlir əldə edirlər.

Bəs Azərbaycanın investisiya profili baxımından uğurunun sirri nədir?

“Neuberger Berman” şirkətinin baş icraçı direktoru Corc Uolker bunu bir sıra səbəblərlə əlaqələndirir. Onun fikrincə, səbəblərdən biri Azərbaycanın “əlamətdar müsbət irəliləyiş yolu keçməsi”dir.

O, “Euronews”-a bildirib ki, “bu, davamlı tərəqqidir. Daha geniş dialoqdur. Daha çox investisiyadır. Ölkənin dünyada getdikcə daha mühüm ölkəyə çevrilməsi ilə bağlı davamlı irəliləyişdir”.

“Azərbaycan müəyyən mənalarda getdikcə yeni İsveçrəyə çevrilir və buna görə də qlobal miqyasda hamımız üçün əsas tərəfdaş kimi getdikcə daha çox hörmət qazanır. Möhtəşəmdir”, - deyə o əlavə edib.

Bu potensialı nümayiş etdirməyə çalışan layihələr arasında Xəzər sahilində yerləşən iri miqyaslı Sea Breeze layihəsi də var.

Emin Ağalarov Azərbaycanın əsas biznes simalarından biridir və “Instagram”da 3,2 milyon, “YouTube”-da 2,17 milyon, TikTok-da isə təxminən 1 milyon izləyicisi ilə ölkənin ən tanınmış şəxslərindən biri hesab olunur.

Müğənnidən biznes maqnatına çevrilən Ağalarov ölkənin ən tanınmış layihələrindən birinin təsisçisi və sahibidir və onun sözlərinə görə, məqsədi Azərbaycanda turizmi daha da cəlbedici etməkdir.

O hesab edir ki, əməkdaşlıq əsas amildir və layihənin yalnız onun tərəfindən həyata keçirilmədiyini etiraf edir.

“İsraildən, UIE-dən və dünyanın digər yerlərindən daha 20 şirkət var ki, bizim baş planımız çərçivəsində öz vizyonlarını və layihələrini həyata keçirirlər”, - deyə o bildirib.

“Beləliklə, tək olmadığınız zaman sürət yaranır. Ekspertiza və nəticələr əldə edilir”, - deyə o əlavə edib.

Turizm, qonaqpərvərlik, daşınmaz əmlak və şəhər inkişafı da beynəlxalq kapitalı cəlb edə biləcək sahələr kimi təqdim olunur. AIIF çərçivəsində keçirilən xüsusi sessiyada inşaatçılar, turizm rəsmiləri və investorlar bir araya gəlib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmid Emin Ağalarovun ambisiyalarını dəstəkləyib və hökumətin turizmin inkişafı ilə bağlı yeni dövlət proqramına aydınlıq gətirib.

“Bu dövlət proqramı məsələnin hər iki tərəfinə baxır. Söhbət tələbatın yaradılmasından, eyni zamanda təklifin dəstəklənməsindən gedir”, - deyə o bildirib.

O, sözlərinə belə davam edib: “Bakı özünü qlobal miqyasda regionda və regiondan kənarda böyük beynəlxalq görüş mərkəzlərindən biri kimi həqiqətən mövqeləndirib”.

“Bunu görmək çox xoşdur”, - deyə o “Euronews”a bildirib və əlavə edib ki, “bu, gələcək biznesə çevirə biləcəyimiz turizm imkanlarıdır”.

Bakı artıq ölkəni sadəcə enerji istehsalçısı kimi təqdim etmir.

Azərbaycan özünü həm investisiya istiqaməti, həm də Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa bazarlarını birləşdirən strateji platforma kimi təqdim edir.

Bakıda təmsil olunan digər böyük investor – 1 trilyon dollardan (təxminən 880 milyard avro) çox aktiv idarə edən “Brookfield Asset Management” də tərəfdaşlığın inkişafında maraqlıdır. Şirkətin idarəedici tərəfdaşı və Yaxın Şərq üzrə regional rəhbəri Jad Ellawn “Euronews”-a bunun səbəbini açıqlayıb.

“Qısaca desək, yaxşı idarəçilik marketinqin ən yaxşı formasıdır və biz bunu Azərbaycanda görmüşük. Siz bunu ən yuxarı səviyyədən başlayaraq əməkdaşlıq etdiyimiz bütün qurumlarda görürsünüz”, - deyə o bildirib.

“Bu, çoxsaylı insanları cəlb edən amildir və marketinqin bu qədər effektiv olmasının səbəbi də budur”, - deyə o əlavə edib.

Bu qədər imkan və onları dəstəkləyən marketinq fəaliyyəti fonunda əsas məsələ Azərbaycanın vizyonunun arxasında dayanan real imkanların onun təhlükəsiz və potensial olaraq gəlirli investisiya məkanı olduğunu göstərməsidir.

Nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları, bərpa olunan enerji, məlumat infrastrukturu, turizm və sənaye istehsalı eyni investisiya hekayəsinin tərkib hissələridir.

AIIF-dən sonra əsas sual Bakıda müzakirə olunan maliyyələşdirmənin real layihələrə çevrilib-çevrilməyəcəyidir.

Lakin milyardlarla dollarlıq potensial sazişlər, dünyanın ən böyük investisiya menecerlərindən bəzilərinin Bakıda bir araya gəlməsi və müzakirələrdə infrastrukturun getdikcə daha çox ön plana çıxması Azərbaycanın ambisiyalarının miqyasını aydın şəkildə nümayiş etdirir.