10 oktyabr tarixində “Azercell”in eksklüziv tərəfdaşlığı ilə “Gamesummit” və “OMNI AI Summit” keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert və sənaye mütəxəssislərini Azərbaycanda bir araya gətirəcək.
“Google”, “Xsolla”, “Microsoft/Xbox”, “BytePlus”, “Wonderful AI” və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak edəcəyi sammitdə texnologiya sənayesinin aktual trendləri və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.
Tədbir çərçivəsində çıxışlar, panel müzakirələri və tematik sessiyalar keçiriləcək. “Gamesummit”də oyun sənayesinin qlobal inkişafı, yeni biznes modelləri və oyun ekosisteminin gələcəyi, “AI Summit”də isə süni intellektin biznesdə tətbiqi, yeni nəsil Sİ həlləri və texnologiyanın müxtəlif sahələrə təsiri diqqət mərkəzində olacaq.
Bu tərəfdaşlıq “Azercell”in fəaliyyətinin strateji istiqamətlərini — rəqəmsal məhsul portfelinin genişləndirilməsini, eləcə də süni intellekt əsaslı innovativ həllərin tətbiqinin inkişafını əks etdirir.
Şirkət tədbirdə mobil tətbiqində yeni istifadəyə verdiyi “Oyun Portalı”nı təqdim edəcək. Oyunları, turnirləri və viktorinaları bir araya gətirən portal “Azercell”in rəqəmsal əyləncə istiqamətində atdığı yeni addımdır. Şirkət istifadəçilərin fərqli maraqlarına uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirir. Ziyarətçilər “Azercell”in stendində portalın imkanları ilə yaxından tanış ola, oyunları sınaqdan keçirə və turnirlərdə iştirak edə biləcəklər.
Süni intellekt isə “Azercell”in texnoloji transformasiyasının strateji istiqamətlərindən biri olaraq şirkətin müştəri xidmətləri, şəbəkə idarəetməsi, kibertəhlükəsizlik və daxili iş proseslərinə fəal şəkildə inteqrasiya olunur.
“Azercell” tədbirə tərəfdaşlıq etməklə ölkədə süni intellekt üzrə bilik və təcrübə mübadiləsinə, texnologiyanın biznesdə daha geniş tətbiqinə və yerli rəqəmsal ekosistemin inkişafına töhfə verir.
Son xəbərlər
Son Xəbərlər