“AzərEnerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi və enerji sektorunda innovativ texnologiyaların tətbiqi məqsədilə iki mühüm layihə həyata keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, layihələr Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev və “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsi əsasında icra olunur.
Layihələr çərçivəsində “İstilik Elektrik Stansiyalarında ətraf hava mühitinin keyfiyyət indeksini təmin edən parametrlərə nəzarət sisteminin işlənilməsi və 2 ədəd sınaq nümunəsinin hazırlanması” və “Yüksək gərginlikli transformatorların soyutma yağına nəzarət sisteminin işlənilməsi və 2 ədəd sınaq nümunəsinin hazırlanması” nəzərdə tutulub.
Bununla əlaqədar sentyabrın 5-də Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasında tədbir keçirilib. Tədbirin məhz sentyabrın 5-də təşkil olunması təsadüfi deyil. Belə ki, “Şimal-2” Elektrik Stansiyası 2019-cu il sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib və tədbir də həmin əlamətdar hadisənin ildönümündə gerçəkləşib.
Tədbirdə “AzərEnerji” ASC-ni Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun rəhbəri, akademik Arif Həşimov, Tədris Mərkəzinin rəisi Hikmət Əliyev və “Şimal” İstilik Elektrik Stansiyasının direktoru Pirəli Əlili təmsil ediblər.
Azərbaycan Mühəndislik Akademiyasından isə vitse-prezident, akademik Əhəd Canəhmədov, departament rəhbəri, akademik Kamal Əsgərov, akademiyanın müxbir üzvü Ənvər İsayev və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə layihələrin məqsədi, texniki xüsusiyyətləri, icra istiqamətləri və gözlənilən nəticələri barədə müzakirələr aparılıb.
Müzakirələr zamanı qeyd olundu ki, “AzərEnerji” yalnız ölkənin elektrik enerjisi ilə etibarlı təminatını həyata keçirmir, eyni zamanda enerji təhlükəsizliyi sahəsində mühüm və strateji layihələr həyata keçirir.
Bu layihələr Azərbaycanın müasir, dayanıqlı, rəqəmsal və ekoloji cəhətdən daha səmərəli enerji sisteminin formalaşdırılmasına mühüm töhfə verir.
Tədbir iştirakçıları elektrik stansiyasının enerji blokları, texniki avadanlıqları SCADA idarəetmə sistemi və digər sahələrlə tanış olublar.


Son xəbərlər
Son Xəbərlər