“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq

azeriqaz-abonentleri-muqavileleri-sima-ile-reqemsal-imzalayacaq
Oxunma sayı: 299

“Azəriqaz”da xidmət və iş proseslərinin rəqəmsallaşdırılması abonentlərə bir sıra əməliyyatları kağız sənədlər olmadan və xidmət mərkəzlərinə getmədən həyata keçirməyə imkan verəcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində daha bir xidmət sahəsində proseslərin elektronlaşdırılması istiqamətində mühüm addım atılıb.

SİMA rəqəmsal imzanın “Azəriqaz” İB-nin xidmət və iş proseslərinə inteqrasiyası ilə abonent müqavilələrinin rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb.

Vətəndaşlar “mygov” platforması üzərindən qaz təchizatı ilə bağlı müqavilələrini SİMA ilə imzalayaraq xidmət mərkəzinə getmədən də müraciətlərini rəsmiləşdirə bilirlər. Eyni imkan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində də tətbiq olunur. Burada əhali və qeyri-əhali abonentləri ilə qaz alqı-satqı müqavilələri elektron formada rəsmiləşdirilərək SİMA ilə imzalanır.

Yeni həll sənədləşmə prosesini sadələşdirir, rəsmiləşdirməyə sərf olunan vaxtı azaldır və abonentlərin xidmətlərdən daha rahat istifadəsinə imkan yaradır. Eyni zamanda, fiziki sənəd dövriyyəsinin azalması “Azəriqaz”ın daxili əməliyyatlarının daha çevik idarə olunmasına, proseslərə nəzarətin gücləndirilməsinə və sənədlərin elektron şəkildə idarə olunmasına şərait yaradır.

“Azəriqaz” və “AzInTelecom” arasında əməkdaşlığın növbəti mərhələsində rəqəmsal həllərin digər xidmət və iş proseslərində tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Tətbiq olunan yenilik ölkədə dövlət xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Azərbaycan Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” dövlət xidmətlərinin modernləşdirilməsini və rəqəmsal platformaya transformasiyasını əsas istiqamətlərdən biri kimi müəyyən edir.

SİMA rəqəmsal imzanın müxtəlif xidmət sahələrinə inteqrasiyası vətəndaşların gündəlik əməliyyatlarını sadələşdirməklə yanaşı, xidmətlərin rəqəmsal mühitə keçirilməsini sürətləndirir. “AzInTelecom” SİMA-nın tətbiq sahələrini genişləndirərək istifadəçilər üçün daha rahat və əlçatan rəqəmsal xidmət təcrübəsinin formalaşdırılmasını davam etdirəcək.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir.

Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.