Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur.
Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik təsərrüfatının yenilənməsi işləri görülür. Kəndlərdə 100-ə yaxın müxtəlif güclü 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılıb. Həmçinin yaşayış məntəqələrində 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.
Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Yenidənqurma işləri rayonun Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu kəndlərində başa çatıb. Həmçinin, Şuşakənd və Xanobad kəndlərinə 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN-3) çəkilişi davam edir.
Xocavəndin Hadrut, Qırmızı Bazar qəsəbələri, Sos kəndinə köçürülən ailələr də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Sözügedən yaşayış məntəqələrində elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı, həm də mövcud 10 və 35 kV-luq hava xətlərində, güc transformatorlarında təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb. Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam edir.
Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında elektrik şəbəkəsinin yenilənməsi və əsaslı təmir işlərini davam etdirir.
Son xəbərlər
Son Xəbərlər