AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirildi - Fotolar

aztu-nun-teskilatciligi-ile-adex-2026da-akademik-sessiya-kecirildi
Oxunma sayı: 337

Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin moderatorluğu ilə “Bilikdən texnologiyaya: universitet–müdafiə sənayesi əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, akademik sessiyanın iştirakçıları Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Türkiyənin Gebze Texniki Universitetinin rektoru Hacı Ali Mantar, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov, Türkiyənin Ege Universitetinin rektoru Musa Alcı olub.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) ev sahibliyi və AzTU-nun təşkilatçlığı ilə keçirilən tədbirdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov da iştirak edib.

Akademik sessiyanın iştirakçıları rəhbərlik etdikləri ali təhsil müəssisələrində universitet-sənaye əməkdaşlığı istiqamətində görülən işlərdən danışıblar. Tədbirdə müdafiə sənayesinin inkişafında elmi-tədqiqat fəaliyyətinin, innovativ texnologiyaların və yüksəkixtisaslı kadr hazırlığının rolu xüsusi vurğulanıb.

Çıxışlarda universitetlərdə aparılan elmi araşdırmaların real sənaye layihələrinə transformasiyası, tələbə və gənc tədqiqatçıların müdafiə sənayesi üçün zəruri bacarıqlara yiyələndirilməsi, eləcə də ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında birgə layihələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Müzakirə zamanı müxtəlif ölkələrin universitetləri arasında əməkdaşlığın gücləndirilməsi, xüsusilə müdafiə sənayesi istiqamətində Türkiyənin aparıcı universitetləri ilə təcrübə mübadiləsinin aparılması və yeni texnologiyaların hazırlanmasında beynəlxalq tərəfdaşlıq imkanları da nəzərdən keçirilib.

Akademik sessiya iştirakçıları universitet–sənaye əməkdaşlığının gələcəkdə daha sistemli şəkildə inkişaf etdirilməsinin, elmi potensialın innovasiyalara və texnoloji həllərə çevrilməsinin müdafiə sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini bildiriblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.