“BakuBus” MMC-də şəhər nəqliyyatının davamlı inkişafı və hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə həyata keçirilmiş ixtisasartırma təlim proqramlarının yekununa həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, proqram şəhər nəqliyyatının davamlı inkişafı, hərəkətin təhlükəsizliyinin gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə həyata keçirilib.
Təlimlərin yekununa həsr olunmuş tədbirdə “BakuBus” MMC-nin İdarə Heyətinin sədri Hikmət Qəribov, AzTU-nun rektoru Vilayət Vəliyev, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun akademik heyəti və proqram iştirakçıları iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, əməkdaşlıq çərçivəsində “BakuBus” MMC-nin kadr ehtiyacları üzrə aparılmış təhlillər nəzəri biliklərin, sahə terminologiyasının və normativ hüquqi biliklərin artırılmasını zəruri edib.
AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun akademik heyəti tərəfindən aparılan təlimlər nəzəri biliklərlə yanaşı praktiki yanaşmaları da əhatə edib. Proqram çərçivəsində yol hərəkətinin təhlükəsizliyi, normativ hüquqi sənədlər, yol nəqliyyat hadisələrinin təhlili və nəqliyyat vasitələrinin təhlükəsizlik tələbləri üzrə biliklər təqdim olunub.
Tərəflər bu əməkdaşlığı universitet və sənaye sektoru arasında səmərəli bilik mübadiləsinə əsaslanan uğurlu model kimi qiymətləndirib və gələcəkdə genişləndirilməsinin planlaşdırıldığını bildiriblər.
Tədbirin sonunda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər