BAAU ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək

baau-ali-tehsil-muessiselerinin-sergisinde-istirak-edecek
Oxunma sayı: 200

Bakı Avrasiya Universiteti iyulun 29-dan 31-dək Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil edəcəyi ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, DİM-in Elektron İmtahanlar Korpusunda (Bakı şəh., Binəqədi r-nu, S.S.Axundov küç., 50) keçiriləcək sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrində tədris olunan ixtisaslar, mövcud təqaüd və güzəşt imkanları, beynəlxalq əməkdaşlıq proqramları, tələbə həyatı və universitet mühiti, karyera, təcrübə və məşğulluq imkanları, qəbul prosesi və digər vacib mövzular ilə tanış etmək, həmçinin onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalının redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin təmsil olunması gözlənilir.

2026/2027-ci tədris ili üçün BAAU bakalavriat səviyyəsi ilə ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə təsdiqlənmiş qəbul planı əsasında tələbə qəbulu aparır. Qəbul planı əmək bazarının tələbləri, ali təhsil sisteminin inkişaf prioritetləri və universitetin akademik potensialı nəzərə alınmaqla formalaşdırılıb. BAAU-da təhsil əyani təhsilalma forması üzrə aparılır və dövlət sifarişi əsasında qəbul mümkündür.

BAAU-nun stendini ziyarət edən abituriyentlər və valideynlər universitet haqqında ətraflı məlumat əldə edəcək və onları maraqlandıran suallara universitet nümayəndələrindən birbaşa cavab alacaqlar.

Qeyd edək ki, sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. İştirak etmək istəyənlər təqdim olunan link (https://portal.dim.gov.az/sergi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Sizi 29–31 iyul 2026-cı il tarixlərində BAAU-nun stendində görməkdən məmnun olarıq !