BAAU-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib - Fotolar

baau-da-zefer-gunu-ve-dovlet-bayragi-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 43

Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində universitetin kollektivi Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dos. Səyavuş Qasımov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində və milli yaddaşında müstəsna yer tutduğunu bildirib.

O, tarixi Qələbənin yalnız 44 günlük Vətən müharibəsinin hərbi nəticəsi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, strateji hazırlığın və milli iradənin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Rektor Azərbaycanın müstəqillik tarixində üzləşdiyi çətinliklərə, torpaqlarımızın işğalına və bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin düşməsinə toxunaraq, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində görülən işlərdən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hərbi islahatların tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını qeyd edib.

Dos. Səyavuş Qasımov 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərin, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının tarixi əhəmiyyətini diqqətə çatdırıb. Şuşanın azad edilməsini Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri kimi səciyyələndirən rektor Qələbənin Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın milli birliyi və həmrəyliyi sayəsində əldə olunduğunu bildirib. O, şəhidlərin xatirəsinin daim yaşadılmasının, qazilərə ehtiramın və Zəfər tarixinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Daha sonra Ümumi fənlər kafedrasının müdiri Sevil Bəhrəmova çıxış edərək Zəfər Gününün gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, Azərbaycanın tarixi Qələbəsinin təhsil müəssisələrində gənclərə çatdırılmasının, Vətən uğrunda mübarizə aparan qəhrəmanların həyat və döyüş yolunun təbliğinin əhəmiyyətini vurğulayıb. Sevil Bəhrəmova, həmçinin Dövlət Bayrağı Gününün milli kimliyimizin, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımıza ehtiramın ifadəsi kimi əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, şəhid Milli Qəhrəman Səfa Axundovun qardaşı, Milli Qəhrəmanlar Təşkilatının sədr müavini Əbdül Səfabəyli və polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva çıxış edərək qəhrəmanlarımızın Vətən uğrunda göstərdikləri fədakarlıqdan, şəhidlərin əziz xatirəsinin yaşadılmasının əhəmiyyətindən və Zəfər tarixinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər.

Tədbirdə, həmçinin şəhid Milli Qəhrəman Sadiq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova və qızı Sadiq xanım, şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova, şəhid Milli Qəhrəman Vaqif Qurbanovun həyat yoldaşı Nəzakət Qurbanova, şəhid Milli Qəhrəman Samir Xasiyevin anası Gözəl Xasıyeva, şəhid Milli Qəhrəman Elxan Zülfüqarovun qardaşı, Qarabağ müharibəsi qazisi Mübariz Zülfüqarov, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayonu üzrə köməkçisi Ceyhun Süleymanov və təşkilatın Nizami və Nərimanov rayonları üzrə Tədbirlərin Təşkili şöbəsinin rəhbəri Kəmalə Qəhrəmanova iştirak ediblər.

Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynovanın təşkilatçılığı ilə keçirilən tədbir musiqi və bədii kompozisiyalardan ibarət proqramla davam edib.