BAAU ilə İrbid Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - Fotolar

baau-ile-irbid-milli-universiteti-arasinda-anlasma-memorandumu-imzalanib
Oxunma sayı: 246

Bakı Avrasiya Universiteti (BAAU) ilə İordaniya Haşimilər Krallığının İrbid Milli Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, Memorandum BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və İrbid Milli Universitetinin rektoru, professor Majed Abu-Zreig tərəfindən imzalanıb.

Sənəd iki ali təhsil müəssisəsi arasında akademik, elmi və institusional əlaqələrin inkişaf etdirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini və birgə fəaliyyət imkanlarının artırılmasını nəzərdə tutur.

Memoranduma əsasən, professor-müəllim heyəti və əməkdaşların, eləcə də tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqatların və elmi nəşrlərin hazırlanması, təlim və inkişaf proqramlarının təşkili, seminar, konfrans və digər akademik tədbirlərdə qarşılıqlı iştirak təmin ediləcək.

Əməkdaşlıq çərçivəsində qısamüddətli akademik proqramların təşkili, elmi-tədqiqat və layihələr üzrə birgə müraciətlərin hazırlanması, qarşılıqlı maraq doğuran layihə və proqramların birgə həyata keçirilməsi də nəzərdə tutulur.

Memorandum BAAU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, akademik mobillik imkanlarının artırılması, birgə elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsi və İordaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.