BAAU-nun həmtəsisçiliyi ilə Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradıldı - Fotolar

baau-nun-hemtesisciliyi-ile-turk-dovletlerinin-koqnitiv-dilcilik-merkezi-yaradildi
Oxunma sayı: 235

15 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilən “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I Beynəlxalq Simpozium çərçivəsində Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzinin yaradılması rəsmən elan olunub. Beynəlxalq elmi-tədqiqat assosiasiyası kimi təsis edilən Mərkəzin həmtəsisçilərindən biri Bakı Avrasiya Universitetidir (BAAU).

“Qafqazinfo” xəbər verir ki, AMEA-nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan və digər ölkələrdən alimlər, ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və universitetin akademik heyətinin üzvləri təmsil ediblər.

Simpoziumun açılışında çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli türk dünyasında dilçilik elminin inkişaf perspektivlərindən və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. O, Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzinin yaradılmasını türk dövlətlərinin elmi potensialının birləşdirilməsi, ortaq tədqiqatların aparılması və akademik əlaqələrin gücləndirilməsi baxımından mühüm təşəbbüs kimi qiymətləndirib.

Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və layihənin müəllifi, baş koordinator, professor Mayıl Əsgərov çıxış edərək koqnitiv dilçiliyin türk xalqlarının ortaq dil və düşüncə irsinin öyrənilməsində rolundan, Mərkəzin yaradılmasının məqsədlərindən və gələcək fəaliyyət istiqamətlərindən bəhs ediblər.

Tədbirdə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzinin yaradılması münasibətilə təşəbbüsün iştirakçılarını və tərəfdaş qurumları təbrik edib. Rektor Mərkəzin türk dünyasında elmi inteqrasiyanın gücləndirilməsi, multidisiplinar tədqiqatların inkişafı və universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Dosent Səyavuş Qasımov qeyd edib ki, beynəlxalq elmi əməkdaşlığın səmərəliliyi yalnız institusional əlaqələrin qurulması ilə deyil, birgə həyata keçirilən tədqiqat layihələri və əldə olunan konkret elmi nəticələrlə ölçülməlidir. Bu baxımdan türk dövlətlərinin alimləri arasında ortaq tədqiqatların təşviq edilməsinin, xüsusilə Web of Science və Scopus kimi beynəlxalq elmi bazalarda indeksləşdirilən nüfuzlu jurnallarda birgə müəllifliklə dərc olunan məqalələrin sayının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Rektor çıxışında BAAU-nun 2026-cı ildə Türk Universitetləri Birliyinə (TÜRKÜNİB) üzv qəbul olunduğunu da bildirib. O, bu üzvlüyün türk dünyasının ali təhsil müəssisələri ilə akademik əlaqələrin daha sistemli inkişafı, birgə elmi layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Dosent Səyavuş Qasımov Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzinin fəaliyyətinin də bu əməkdaşlığın konkret elmi təşəbbüslər və nəticələrlə zənginləşdirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Simpoziumun plenar iclasında Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru, professor Vatan Karakaya, Ankara Hacı Bayram Veli Universitetinin xarici əlaqələr üzrə koordinatoru, professor Güljanat Kurmangaliyeva Ercilasun, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Janar İbrayeva, Ege Universitetinin professoru İbrahim Şahin və Atatürk Universitetinin professoru Süleyman Efendioğlu da çıxış ediblər. Natiqlər türk dillərinin tədqiqi, koqnitiv dilçilik sahəsində elmi əməkdaşlığın genişləndirilməsi və ortaq tədqiqat platformalarının yaradılmasının əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzinin yaradılması rəsmən elan olunub və həmtəsisçilərə “Ortaq qurucu” sertifikatları təqdim edilib. Mərkəzin həmtəsisçilərindən biri olan BAAU bu mərasimdə rektor, dosent Səyavuş Qasımov təmsil edib.

Simpoziumun bölmə iclaslarında BAAU-nun akademik heyətinin üzvləri də elmi məruzələrlə iştirak ediblər. Məruzələrdə koqnitiv dilçiliyin nəzəri və tətbiqi məsələləri, dil və təfəkkür münasibətləri, müxtəlif dillərdə konseptlərin formalaşması və ifadəsi, bədii diskursun koqnitiv xüsusiyyətləri və digər aktual elmi problemlər əhatə olunub.

15-16 oktyabr tarixlərində keçirilən beynəlxalq simpozium türk dövlətlərinin elmi müəssisələri və universitetləri arasında əlaqələrin möhkəmləndirilməsi, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq elmi əməkdaşlığın inkişafı baxımından mühüm platforma olub.