BAAU UI GreenMetric 2026 reytinqində mövqeyini yaxşılaşdırıb - Foto

baau-ui-greenmetric-2026-reytinqinde-movqeyini-yaxsilasdirib
Oxunma sayı: 290

Bakı Avrasiya Universiteti (BAAU) ali təhsil müəssisələrinin dayanıqlı inkişaf və ekoloji fəaliyyət göstəricilərini qiymətləndirən UI GreenMetric World University Rankings 2026 reytinqində mövqeyini yaxşılaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, 2026-cı il nəticələrinə əsasən, BAAU 4912 bal toplayaraq qlobal reytinqdə 1214-cü pillədə qərarlaşıb.

Bu nəticə universitetin dayanıqlı inkişaf, ekoloji məsuliyyət və “yaşıl kampus” istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.

UI GreenMetric Dünya Universitetləri Reytinqi 2026-cı ildə 110 ölkədən 2016 ali təhsil müəssisəsini əhatə edib. Reytinqdə Azərbaycandan 22 ali təhsil müəssisəsi iştirak edib. BAAU ölkə üzrə 15-ci pillədə qərarlaşıb.

2026-cı il nəticələrində BAAU-nun xüsusilə “Enerji və İqlim Dəyişikliyi” kateqoriyası üzrə göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, universitet bu istiqamətdə topladığı balı 660-dan 1160-a yüksəldib. Bu isə əvvəlki göstərici ilə müqayisədə təxminən 76 faiz artım deməkdir.

Əldə olunan nəticə BAAU-da dayanıqlı inkişaf və ekoloji məsuliyyət istiqamətində həyata keçirilən tədbirlərin davamlı şəkildə təkmilləşdirildiyini, eyni zamanda universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini nümayiş etdirir.